İyunun 18-25-də keçiriləcək “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı günlərində keçiriləcək muğam müsabiqəsinə beynəlxalq ifaçıların qeydiyyatı başa çatıb.
Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə baş tutacaq Festivalın proqramına beynəlxalq muğam müsabiqəsi də daxildir.
Müsabiqədə ölkəmizi Milli Muğam Müsabiqəsinin qalibləri - xanəndəlik üzrə birinci yerin sahibi Mirəli Sarızadə, instrumental ifaçılıq kateqoriyasında birinci olan Vaqif Təhməzov təmsil edəcəklər.
Azərbaycanla yanaşı müsabiqədə Çin, İran, İsrail, Özbəkistan, Türkiyədən 30-dək nümayəndə yarışacaq.
Musiqi yarışması iyunun 19-22 tarixlərində keçiriləcək. Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində təşkil olunan beynəlxalq muğam müsabiqəsi qaliblərinin mükaftlandırılması keçiriləcək və konsert təqdim ediləcək.
Qeyd edək ki, “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalının budəfəki proqramı zənginliyi ilə fərqlənir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.
Musiqi bayramına iyunun 18-də Heydər Əliyev Sarayında Xalq artisti Alim Qasımovun, Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri ilə start veriləcək.
Bakıdakı konsertlərə biletlər tezliklə iTicket.az saytı və kassalarında satışda olacaq.