Bakıda "Art Weekend" festivalı keçiriləcək

Bakıda "Art Weekend" festivalı keçiriləcək
14 aprel 2025
# 14:25

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək incəsənət festivalına hazırlıq başlayıb.

Kulis.az xəbər verir ki, 31 oktyabr - 2 noyabr tarixlərində incəsənət həvəskarlarını maraqlı və qeyri-adi bir həftəsonu gözləyir.

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) layihəsi həftəsonu Bakını yaradıcılıq, duyğular və enerji dalğasına bürüyəcək.

"Art Weekend" üçün əsas element su seçilib və fəlsəfi, bədii, ekoloji baxımdan layihənin konsepsiyasının mərkəzində yer alacaq. Bu da təsadüfi deyil. Belə ki, su həm yaradıcı metafora, dəyişimin güzgüsü, həm də insan və təbiət arasında körpünün rəmzidir.

Azərbaycanla yanaşı, digər ölkələrdən də tanınmış rəssam, kurator və incəsənət xadimlərinin iştirak edəcəyi "Art Weekend" festivalında yaradıcı şəxslər Bakıda bir araya gələrək, suyu yaradıcılığın hər növünə nüfuz edən bir güc və mövzu kimi araşdıracaq.

Ənənəvi sərgi formatını aşacaq tədbirdə müxtəlif təqdimatlar, interaktiv instalyasiyalar da nümayiş olunacaq. İzləyicilər duyğularla döyünən heyranedici rəsmlər, insan ruhunu oyandıran heykəllər və incəsənətin digər sahələrinə aid gözəl nümunələrlə tanış olacaqlar.

Qeyd edək ki, "Art Weekend" zamanı Bakının müxtəlif incəsənət məkanlarında – qalereyalar, teatr, sərgi zalları və açıq səma altındakı sərgilərdə incəsənət və transformasiya ruhu birləşəcək.

# 175 dəfə oxunub

Müəllifin son yazıları

# # #