Baba Mahmudoğlunun anım günüdür

Baba Mahmudoğlunun anım günüdür
6 dekabr 2023
# 14:40

Bu gün Xalq artisti Baba Mahmudoğlunun anım günüdür.

Kulis.az məlumat verir ki, Baba Mahmud oğlu Mirzəyev 1940-cı il noyabrın 7-də Qazax rayonunun Muğanlı kəndində sadə bir ailədə anadan olub. O, orta məktəbi əla qiymətlərlə başa vurub. 16 yaşında Bakıya gəlib, daha sonra o vaxtkı Sənaye İnstitutunun mexanika fakültəsinə imtahansız qəbul olunub.

Onun zirvəyə doğru gedən sənət yolu, professional səhnə taleyi isə Opera və Balet Teatrından başlayıb. Mərhum sənətkar öz xatirələrində deyib: "Bir gün eşitdim ki, Opera və Balet Teatrında "Gözəl səslər" müsabiqəsi keçirilirdi. Açığı özüm buna çox can atırdım, dostlarım da məsləhət gördülər ki, həmin müsabiqədə iştirak edim. 1962-ci ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən həmin müsabiqədə iştirak edən 153 nəfər içərisindən 1-ciliyi qazanaraq, Opera və Balet Teatrına solist qəbul olundum".

1979-cu ilə kimi hamı onu xanəndə Baba Mirzəyev kimi tanıyıb. 1979-cu ilin sentyabr ayında isə özünə "Dastan" folklor ansamblı yaradaraq, o andan Baba Mahmudoğlu kimi çıxış etməyə başlayıb. B. Mahmudoğlu sənət yolunu bu ansamblla davam etdirib.

B. Mahmudoğlu 2005-ci ildə Opera və Balet Teatrından təqaüdə göndərilib. Sənətkar elə həmin ilin noyabr ayında xəstələnib, insult keçirib. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşib. Həkimlər ona rayonda yaşamağı məsləhət görüblər. Bu səbəbdən B. Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində yaşamalı olub. Daha sonra Bakıya qayıdıb. 2006-cı il dekabrın 6-da 66 yaşında vəfat edib.

# 457 dəfə oxunub

Müəllifin son yazıları

# # #