Azıx mağarası ilə bağlı kitabın təqdimat mərasimi keçirilib

Azıx mağarası ilə bağlı kitabın təqdimat mərasimi keçirilib
9 oktyabr 2025
# 09:43

AMEA-nın Əsas binasında ingilis dilində nəşr edilmiş "Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni" kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, kitab Arxeologiya və Etnoqrafiya İnstitutunun daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun həmmüəllifliyi ilə hazırlanıb.

Mərasimi giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycanın 8 görkəmli tədqiqatçı aliminin və professor Əsədulla Cəfərovun uzun illər apardıqları gərgin araşdırmaların nəticəsi olan kitabın elmi-siyasi əhəmiyyətini qeyd edib.

Bildirib ki, 415 səhifədən, 10 fəsildən ibarət olan bu monoqrafiya 2021-ci ildə - Azərbaycan ərazi bütövlüyünü, o cümlədən Azıxda suverenliyini bərpa etdikdən sonra rus dilində nəşr olunub. Azıx mağarasının dünya arxeologiyasında, paleoantropologiyasında rolunu nəzərə alan Mədəniyyət Nazirliyinin dəstəyi ilə monoqrafiya ingilis dilinə tərcümə olunaraq nəşr edilib.

Akademik İsa Həbibbəyli unikal nəşrin ilk təqdimatının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə Londonda Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirildiyini xatırladıb, bu addımı Azərbaycan elminin beynəlxalq aləmdə təbliği baxımından yüksək qiymətləndirib. O, "Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni" kitabının Londonda dünyamiqyaslı tədbir çərçivəsində təqdim olunmasının professor Əsədulla Cəfərovun əməyinə dərin hörmətin, eləcə də dünyasını dəyişmiş alimlərin xatirəsinə böyük ehtiramın ifadəsi olduğunu vurğulayıb.

Professor Əsədulla Cəfərovun şərəfli ömür yoluna, zəngin elmi yaradıcılığına nəzər salan akademik İsa Həbibbəyli onun "Qarabağın paleolit düşərgələri" adlı kitabını xüsusi qeyd edib.

Bildirib ki, Qarabağın dünya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunan bu nəşr bugünkü və gələcək nəsillər üçün dəyərli mənbədir.

# 138 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər