Fransanın Sete şəhərində hər ilin iyul ayında açıq havada baş tutan “JazzaSete” festivalında ölkəmizi azərbaycanlı caz ifaçısı İsfar Sarabski təmsil edib.
Kulis.az xəbər verir ki, Əməkdar artist, pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı İsfar Sarabski “JazzaSete” festivalında “Planet” albomunun rəsmi təqdimatını keçirib, eləcə də rəhbərlik etdiyi trio ilə birlikdə XX əsrin nüfuzlu caz ifaçısı, 14 “Qremmi” mükafatı sahibi, amerikalı pianoçu və bəstəkar Herbie Hancock ilə eyni səhnəni bölüşüb.
Festivalda İ.Sarabskinin yaradıcılığından söz açılıb və onun musiqisinin Şərq və Qərb musiqisi arasında körpü yaratdığı bildirilib. “Peşəkar ifaçı İ.Sarabski heyrətamiz istedadı ilə üfüqlər açaraq yeni yollar yaradır və sərhədləri aradan götürür. Azərbaycanlı ifaçının musiqiləri istər öz ölkəsində, istərsə də xaricdə böyük rəğbətlə qarşılanır. Çünki o ictimaiyyətlə tellər yarada bilib”, - festivalda vurğulanıb.
Qeyd edək ki, festival zamanı Azərbaycan caz musiqiləri böyük alqışlarla qarşılanıb.