Azərbaycanlı fotoqraflar beynəlxalq müsabiqədə qalib oldular

Azərbaycanlı fotoqraflar beynəlxalq müsabiqədə qalib oldular
12 iyul 2023
# 11:30

Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə mükafat qazanıblar.

Kulis.az xəbər verir ki, “Gilavar” Foto Klubunun təşkilati dəstəyi ilə ardıcıl altıncı dəfə keçirilən “Azerbaijan Photo Salon 2023” adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub.

Müsabiqəyə dünyanın 62 ölkəsindən 337 fotoqraf tərəfindən 4 min 779 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar İtaliya və Misirdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, “Azerbaijan Photo Salon 2023” adlı beynəlxalq fotomüsabiqə altıncı dəfədir ki, həyata keçirilir.

“Bu cür beynəlxalq fotomüsabiqələri keçirtməkdə məqsədimiz həm fotoqraflarımızın nüfuzlu yarışlarda iştirakına şərait yaratmaq, həm də ölkəmizi təbliğ etməkdir. Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 245 mükafata 43 ölkənin 166 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Qeyd edək ki, azərbaycanlı 8 fotoqraf müsabiqədə seçiliblər. Onlardan Famil Mahmudbəyli qızıl medal və fəxri lent, Kərim Abbasov bir gümüş, bir bürünc medal və fəxri lent, Teymur Məmmədov iki fəxri lent, Dilavər Nəcəfov, Nurlan Tahirli, Nadejda Cavadova, Vüqar İbadov və Tofiq Babayev bir fəxri lent qazanıb. Ümumilikdə, həmyerlilərimiz 12 mükafat əldə edib”.

# 945 dəfə oxunub

Müəllifin son yazıları

# # #