Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin son iclası keçirildi

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin son iclası keçirildi
28 dekabr 2023
# 17:30

Dekabrın 27-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2023-cü ildəki son iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul olunub.

Kulis.az xəbər verir ki, iclasda əvvəlcə MŞ sədrinin hesabatı dinlənilib. Hesabat İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı olub. R.Məcid ötən müddətdə rəhbərlik etdiyi qurum tərəfindən 3 bəyanatın və 1 nekroloqun yayıldığını, 1 əməkdaşlıq memorandumuna imza atıldığını, 2 tematik tədbirin, TƏBİB və Medianın İnkişafı Agentliyi ilə birgə 1 jurnalist müsabiqəsinin, həmçinin mediamızda xidmətləri olan şəxslərlə bağlı 5 yubiley tədbirinin keçirildiyini diqqətə çatdırıb. O, bildirib ki, MŞ İdarə Heyətinin üzvləri respublikamızda və xaricdə reallaşmış çoxsaylı tədbirlərə qatılıblar. R.Məcid bu baxımdan Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirakın xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

MŞ sədri bununla yanaşı, Şuranın Şikayət üzrə Komissiyasının fəal işlədiyini vurğulayıb. O bildirib ki, hesabat dövründə Mətbuat Şurasında müxtəlif vətəndaş qruplarından, idarə, müəssisə və təşkilatlardan yazılı və şifahi olmaqla, ümumilikdə 14 şikayət üzrə müvafiq prosedur fəaliyyət həyata keçirilib. Şikayətlərdən 6-sı Şikayətlər üzrə Komissiyasının, 1-i isə Etika Komissiyasının müzakirəsinə təqdim edilib. 6 şikayətdən 3-ü bilavasitə qərar qəbulu üçün İdarə Heyətinə çıxarılıb. Habelə, Etika Komissiyasında müzakirəsi aparılan 1, habelə Katiblikdə nəzərdən keçirilən 7 şikayət üzrə tərəflər arasında barışıq əldə olunub.

R.Məcid çıxışında Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurası auditoriyasının istifadəyə verildiyini, ilk dəfə olaraq, orada qurumun Şikayətlər üzrə Komissiyasının iclasının təşkil olunduğunu vurğulayıb. O bildirib ki, iclasın tələbələrin iştirakı ilə keçirilməsi onların praktik fəaliyyətdəki nöqsanlarla tanışlığı baxımından əhəmiyyətlidir. Buna görə də həm Şikayətlər üzrə Komissiyanın, həm də Etika Komissiyasının gələcək iclaslarının həmin auditoriyada təşkil olunmasını təklif edib. Təklif yekdilliklə bəyənilib.

***

İclasda MŞ-nin Beynəlxalq əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli komissiya üzvü Yadigar Məmmədli ilə birlikdə qatıldığı Avropa Müstəqil Mətbuat Şuraları Alyansının Belçikanın Antverpen şəhərində keçirilmiş illik toplantısı barədə məlumat verib. M.Ələsgərli bildirib ki, tədbirdə müxtəlif ölkələrdəki Mətbuat Şuralarının fəaliyyətlərinin müasir medianın iş prinsipləri ilə uyğunlaşdırılması, mövcud xüsusda etik kodekslərə dəyişikliklərin aparılması, habelə rəqəmsal media dövründə müəllif hüquqlarının qorunması məsələləri ətrafında müzakirələr aparılıb.

Y.Məmmədli çıxışında bildirib ki, Alyansın 2025-ci ildəki illik toplantısına evsahibliyi üçün Azərbaycanın namizədliyi irəli sürülüb və qarşıdakı müddətdə məsələ diqqətdə saxlanılacaq.

***

Şikayətlər üzrə Komissiyasının gördüyü işlərlə bağlı komissiya sədri, MŞ sədrinin müavini Vüqar Zifəroğlunun məlumatı dinlənilib. Mövcud xüsusdakı müzakirələrdə ayrı-ayrı xəbər saytlarının peşə prinsipləri ilə yanaşı, “Media haqqında” Qanunun da tələblərini pozmaları - özlərinin əlaqə vasitələrinin yerləşdirilməsinə etinasız yanaşmaları üzərində dayanılıb. Bu kimi halların xüsusən “com” domeni ilə fəaliyyət göstərən elektron media vasitələri üçün xarakterik olduğu önə çəkilib.

İclasda media orqanlarının məhkəmə proseslərindən hazırladıqları materillarla bağlı vətəndaş şikayətlərinin motivlərinə diqqət yetirilib. Bildirilib ki, jurnalistlər açıq məhkəmə proseslərindən reportajlar hazırlamaqda sərbəstdirlər. Ancaq bu zaman təqsirləndirilən şəxslərin özlərinin və əməllərinin həssaslıq dərəcəsindən asılı olaraq, onların ad və soyadlarının açıqlanmasından çəkinməli, şərti adlarla məhdudlaşmalı, fotoların verilməsindən uzaq durmalıdırlar. Şuraya bəzi şikayətlərdə məhz bunlara diqqət yetirilməməsindən narazılıqlar ifadə olunmaqdadır.

İclasda, həmçinin, Azərbaycan jurnalistikasında peşə prinsiplərinin və ədəbi dil normalarının pozulması ilə bağlı ayrı-ayrı məqamlar ətrafında da geniş müzakirə aparılıb.

# 701 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #