Azər Cabbarov: "Mediamız qalib Azərbaycanın səviyyəsinə uyğun deyil"

Azər Cabbarov:  "Mediamız qalib Azərbaycanın səviyyəsinə uyğun deyil"
27 dekabr 2023
# 14:00

Kulis.az televiziya eksperti Azər Cabbarovun yazısını təqdim edir.

Ölkədə ənənəvi tv-lərin çöküşünü izləmək çox ağrılıdır. Bu proses bütün dünyada gedir, amma, bizdə daha sürətli, daha bariz şəkildə hiss olunur. Düzdür, əlahəzrət internet hər şeyi öz ağuşuna alır. Saysız da alternativlər var. Bunun əlacı yoxmu? Var. Əslində, illərlə bir-birimizlə reytinq yarışına çıxaraq bir çox müqəddəs nəsnələrin, mental qanunların, milli dəyərlərin üzərindən xətt çəkirik. Azərbaycan ailə bağlarına ciddi zərbə vururuq. Öz aramızda yaxınlarımızla belə danışa bilmədiklərimizi rahat şəkil də ekranlara daşıyırıq. Və bunun üçün çox gözəl bir bəhanəmiz var: “Xalq buna baxır”.

Əzizlərim, hamımız bilirik ki, xalqa nə göstərsək, ona da baxacaq. Reallıq budur ki, onillikllərlə tv-lər savadsızlığı, səviyyəsiz musiqini, onu-bunu utanmadan müzakirə etməyi aşıladı tamaşaçıya. Çox pis zövq formalaşdırdı. Xalqın qaymağı sayıla bilən insanlar – alimlər, ziyalılar, bəstəkarlar, rəssamlar, idmançılar kənarda qaldı. Nəticədə, əsl qəhrəmanlar unudularaq səsi, sənəti olmayan, özəl həyatı əxlaqsızlığın pik nöqtəsi sayılan üzdəniraq şou-biznes nümayəndələri, işi-gücü naməlum “məşhurlar” qəhrəmanlara çevrildilər. Onların zəngin həyatı, bir-biriləri haqqında dedikləri hədyanlar, bahalı avtomobilləri, mənzilləri, hətta yataq otaqlarındakı şkaflarının içi tv verilişlərin əsas mövzusuna çevrildi. Dostlar, razılaşarsınız ki, bu tip verilişlər yaratmaq çox asandır. Savad, araşdırma, yaradıcılıq lazım deyil. Mikrofonu yönəldirsən müğənniyə, sonrasını o həll edir. Bütöv bir neçə nəsillər bu “mənzərəyə” uyğun yetişdi, formalaşdı. Onlardan indi nə gözləməliyik ki? O vaxt medianı yönəldən şəxslər belə lazım bildilər...İndi də nəticəsi göz qabağında…

Bu gün bütün bunlara tez bir zamanda qalib gəlmək mümkündürmü? Tez yox, amma müəyyən vaxtda mümkündür.

Azərbaycan Respublikası Audiovizual Şurası vizual media qurumlarına qarşı standartlarını, tələblərini, hədəflərini, qərarlarını daha da aydınlaşdırmalı və sərtləşdirməlidir. (Konkret verilişlərin janrı, formatı, dili, aparıcıları, qonaqları ilə bağlı).

Müəyyən janrlı verilişlərin yayımı, ümumiyyətlə, dayandırılmalıdır. Bu qaydalar bütün tv və radiolara istisnasız tətbiq edilməlidir.

İnsanları fiziki və psixi qüsurlarına görə məsxərəyə qoyan, özəl həyatına müdaxilə edən, işgüzar nüfuzuna zərbə vuran proqramlar qətiyyətlə yayımlanmamalıdır. (Yayımlanarsa, hansısa kanalın 1 saat, özü də həmin kanalın özünün seçdiyi vaxt yayımını dayandırmaq effektiv cəza vasitəsi deyil!)

Tv və radioların yayım və proqram siyasəti ilə bağlı yeni tələblər işlənib hazırlanmalı və bütün media qurumlarına tətbiq edilməlidir.

Reklam haqqında qanuna dəyişikliklər edilməli.

Tv və radiolara investisiya cəlb edilməsi üçün effektiv modellər işlənib hazırlanmalı və təklif edilməlidir.

Tv və radiolara texniki və kadr potensialını artırması üçün aşağı faizlə, bəlkə də faizsiz kreditlər almaq imkanları yaradılmalıdır. (Təbii ki, onlardan xərcləmələrə dair ciddi hesabatlar tələb etməklə)

TV və radio sahəsində çalışan insanlara dövlət hesabına dünyanın aparıcı media qurumlarında təcrübə keçmək imkanları yaradılmalıdır.

Tv və radiolarda elmi, maarifləndirici, tarixi, mədəniyyət yönümlü, vətənpərvərlik mövzulu proqramlar toplam yayım saatlarının mütləq çoxluğunu tutmalıdır. (Amma anlamalıyıq ki, vətənpərvərlik mövzulu proqram şəhidin anasını ağladaraq veriliş çəkmək deyil)

Bu mövzularda olan proqramları da hazırlayacaq şəxslər yüksək savada, peşəkarlığa malik insanlar olmalıdır.

Tv və radiolara yalnız peşəkar kadrlar cəlb edilməlidir. Bu gün bir çox tv və radiolarda aşağı maaşa çalışan təcrübəsiz və qeyri peşəkar insanlarla keyfiyyətli kontent yaratmaq mümkün deyil. Yüksək maaşa, peşəkar və savadlı insanlar cəlb olunmalıdır.

Özəl reytinq qurumlarına alternativ olaraq dövlətin nəzarətində də reytinq hesablamaları aparılmalıdır. Bu qurumun nəticələri tv və radiolara sonradan dövlət tərəfindən maliyyə yardımları və kreditlərin ayrılması üçün əsas olmalıdır.
Bu yazdıqlarım indi rahat şəkildə həyata keçirilə bilən məsələlərin çox az hissəsidir. Gərək bilsəniz, davam etmək olar…

Reallıq budur ki, bu gün audiovizual mediamız müasir, qalib, bütöv Azərbaycanın standartlarına, sürətinə və səviyyəsinə uyğun deyil. Bunda tv və redioların günahı varmı? Yox. Zamanı günahkar bilək və dəyişməyə çalışaq.

# 855 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #