Yazıçı Samirə Əşrəf haqqında məlumat
Ötən günlərdə "Mənim üçün qızılgül" adlı hekayələr toplusu işıq üzü görən yazıçı Samirə Əşrəf kimdir?
Şükürova Samirə Əşrəf qızı 1980-ci il oktyabrın 5-də Cəbrayıl rayonunda anadan olub.
1992–1996-cı illərdə Bakı İqtisad Kollecinin Hüquqşünaslıq fakültəsində, 1997–2001-ci illərdə isə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq fakültəsində təhsil alıb.
2010-cu ildən Samirə Əşrəf imzasıyla dövri mətbuatda, ədəbi qəzet və jurnallarda, saytlarda hekayələri, köşə yazıları ilə çıxış edir. "Ədalət", "Ədəbiyyat qəzeti" ilə uzun müddətli əməkdaşlıq edib. Hazırda Kulis.az mədəniyyət portalının redaktorudur.
Samirə Əşrəf 2012-ci ildə "Eybəcər" hekayəsinə görə IV Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində "Ən yaxşı hekayə" nominasiyası üzrə birinci yerə layiq görülüb.
“Atam, bibim və Sergey” adlı romanı kulis.az saytında yayımlanıb.
O, müxtəlif illərdə "Yuğ" və "Kukla" teatrlarının dostu mükafatlarına layiq görülüb.
2019-cu ildə "Ədəbiyyat qəzeti" yayınları seriyasında "Dördüncü divar" adlı kitabı işıq üzü görüb. Kitabda tanınmış sənət adamları, yazıçı və şairlərlə müsahibələrə yer verilib.
2022-ci ildə "Mənim üçün qızılgül" adlı hekayələr kitabı çap olunub. Kitabda yazıçının müxtəlif illərdə yazılmış 12 hekayəsi yer alır. Hekayələr daha çox Birinci Qarabağ müharibəsinin insanların həyatına vurduğu mənəvi zərbələrdən, ağrılardan bəhs edir.
2022-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.