Aleksandr Kalyagin kino karyerasını yekunlaşdırdı

Aleksandr Kalyagin kino karyerasını yekunlaşdırdı
25 may 2026
# 11:20

Moskva "Et Setera" teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Aleksandr Kalyagin bir daha filmlərdə çəkilməyəcək.

Kulis.az xəbər verir ki, o bu qərarı barədə TASS agentliyinə verdiyi açıqlamada bildirib.

Aktyor kinoda yeni rolları ilə bağlı verilən suala belə cavab verib:

"Yox. İndi artıq yox. Yaşım da o yaş deyil".

Kalyagin "hər şeyi vaxtında etmək lazımdır" deyərək Tanrını qəzəbləndirməməyi məsləhət görüb. Sənətçi əlavə edib ki, heç kim ona nə qədər ömür verildiyini və həyatının sonunun necə olacağını əvvəlcədən bilmir.

Təsadüfə bax ki, elə bu gün – 25 may tarixində 84 yaşını qeyd edən Aleksandr Kalyagin gəncliyində tibb məktəbini bitirərək təcili yardım feldşeri işləyib. Lakin sənətə olan sevgisi onu Şukin adına Teatr Məktəbinə gətirib.

Karyerasına Taqanka Teatrında başlayan aktyor həmçinin Yermolova adına Teatrda xidmət edib. Oleq Yefremovun dəvəti ilə "Sovremennik" teatrına keçib, daha sonra onunla birlikdə MXAT-a (Moskva Bədii Akademik Teatrı) gedərək orada təxminən 30 il çalışıb. Kalyagin 1993-cü ildə "Et Setera" teatrını yaradıb və həmin vaxtdan bu günə qədər teatrın daimi rəhbəridir.

Kino karyerasına 1967-ci ildən başlayan aktyor tamaşaçılara "Salam, mən sizin xalanızam!", "Özgələr arasında özününkü, özünkülər arasında özgə", "Məhəbbət qulu", "Mexaniki piano üçün yarımçıq pyes", "Gecə danışılan nağıl" kimi məşhur filmlərdən tanışdır.

Azərbaycanlı tamaşaçılar isə onu Rasim Ocaqovun "İstintaq" filmindən tanıyırlar.

Qeyd edək ki, istedadlı aktyor eyni zamanda cizgi filmi qəhrəmanlarını da səsləndirib. Çoxlarının uşaqlıq xatirəsi olan məşhur pişik Leopold məhz onun səsi ilə danışır.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər