Azərbaycan Kinematoqrafçılar İttifaqı DokuBaku Beynəlxalq Sənədli Film Festivalı ilə əməkdaşlığı davam etdirir.
Kulis.az xəbər verir ki, İttifaq hər il olduğu kimi, bu il də festivala maliyyə və informasiya dəstəyi verəcək.
VII DokuBaku Beynəlxalq Sənədli Film Festivalı sentyabrın 26-dan oktyabrın 1-dək keçiriləcək. Əsas mövzusu “KosmoDarvinizm: Dolça Əsri” olan builki festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək və bəşəriyyətin dövrümüzün çağırışı olan rəqəmsallaşma, həyatın çılğın tempi, insana dəyər verənlərin, texnologiyaları cəlb etmədən insanların uğur qazanmaq cəhdlərinin öhdəsindən daha yaxşı gəlmək yollarına dair kinematoqrafik araşdırmalarla bölüşməkdir.
Bütün kinematoqrafçılar “Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film”, “Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film”, “Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids)”, “DokuDarwin: ən yaxşı yerli sənədli film” və “Əsas müsabiqəyə daxil olmayan filmlər” nominasiyaları üzrə yarışacaqlar.
Xatırladaq ki, DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 2017-ci ildə bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü şəkildə təşkil olunub. Festivalın ideyası və təsisçiləri azərbaycanlı rejissor İmam Həsənov (festivalın direktoru) və çexiyalı rejissor və prodüser Veronika Yanatkovadır (proqram tərtibçisi).
Festivalın təsisçisi və direktoru, rejissor İmam Həsənov Azərbaycan sənədli kinosunun beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə 2023-cü ildə AKİ-nin illik mükafatına layiq görülüb.