Adsız oğlan - Narıngül Nadirin hekayəsi

Adsız oğlan - Narıngül Nadirin hekayəsi
28 sentyabr 2023
# 09:00

Kulis.az Narıngül Nadirin “Adsız oğlan” hekayəsini təqdim edir.

Bilmirəm indi bunu xatırlamaq kimə gərəkdir və nə əhəmiyyəti var?.. O, mənim sevgilim, dostum deyildi, heç qohumum da deyil. Yəqin ki, o oğlan məni indi görsə tanımaz, tanımaz bir az böyük çıxır ...heç kim olduğumu xatırlamaz. Amma gülüşü indiki kimi yadımdadır. Təbəssümü dodaqlarından başlayıb bütün sifətinə yayılırdı. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey... Onu bu müddət ərzində bir neçə dəfə xatırlamışam. Bir dəfə Bakıya ilk gəlişim haqqında hekayə yazanda, bir-iki dəfə də şəhərə ilk gəldiyimdə yaşadığım yerlərdən keçəndə. Hər dəfə də xatırlayan kimi həmişəki mənasız, bir qəpiklik dəyəri olmayan bir sual yenə də beynimi tıqqıldadır: görəsən, onun adı nə idi? Əhməd, Cəmil, Murad? Bəzən o köhnə yerlərdən keçəndə adını xatırlamağa çalışsam da, heç nə alınmır. Səsin görüntüsü yoxdur axı göz yaddaşında ilişib qalsın. Əslində heç fərqi də yoxdur. Guya nə anlamı var ki... Amma, hər halda, adı var idi axı. Özü də dəfələrlə yanımda səsləndirmişdi. İndi yay tətilindəyəm, boş vaxt tapan kimi, daha doğrusu, darıxdığımdan klavyaturanın qarşısına keçib nələrsə yazmağa çalışıram. Yəqin ki, siz məndən yaxşı
bilərsiz yazmağa ki, başladın keçmişə qayıtmamaq mümkün deyil.

O gün şəhərin küçələrində xeyli gəzişdim. Pis çıxmasa belə deyərdim ki, o ki var avaralandım. Köhnə qəbiristanlıq yerindən keçəndə onu xatırladım. Qəbiristanlıq sözünü işlətdim deyə birdən elə bilərsiniz ki, söhbət dünyasını dəyişmiş birindən gedir. Əsla elə deyil. Söz açdığım adam yəqin ki, sağdır. Ona görə yəqin ki, deyirəm ki, qəfil ölüm- itimləri, qəzaları nəzərə almasaq və yaşını hesablasaq güman ki, sağdır, haralardasa yaşayır. Demək Bakıya təzə gəldiyim vaxtlardır. Təzə deyəndə lap dəqiqi hardasa 20 gün olar. Ta Bakını necə görmüşəm, şəhər ilk dəfə gözümdə necə şəkillənib, hansı hissləri keçirmişəm, nələri düşünmüşəm bunu yazıb başınızı çox ağrıtmaq istəmirəm. Həm çox uzunçuluq olar, həm də ilin-günün bu çağında, camaatın heç real olana tablaşmadığı bir vaxtda niyə sentimentallıq edim ki?.. Demək, Bakıya gəlib ata ocağı kimi şəhərdə ən yaxın qohum sayılan, ərk yeri olan xalaqızıgilin evinə sığınmışam. Universitetə qəbul imtahanı verməliyəm. Mənim zamanımda Bakının yeganə universitetində oxumaq hamının arzusuydu, indi bilmirəm, deyəsən adiləşib. Həm də indi universitetlər də çoxalıb, o vaxtlar institut adlanan ali məktəblər indi universitet adlanır. Nə isə, həm ali məktəbə qəbul olunmaq, həm də şəhərdə yaşamaq istəyim olduqca böyükdür. Şəhərdə yaşamaq arzumdan da yazmıram, yazsam xeyli vaxt aparar, odur ki, bu dəfə onun üstündən də keçirəm.

Nə isə mətləbə keçim, ta söhbəti uzadıb sizi bezdirməyim...Axşam xalaqızıgildə səhər imtahana getmək məsələmi, daha doğrusu, universitet yolunu necə getmək məsələmi xeyli müzakirə etdikdən sonra ümumilikdə qərara alırıq ki, sabah imtahana özüm tək gedəcəm. Əslində, bu qərara səs verməyən də var. Xalaqızının əri belə fikirləşir ki, tək getsəm yolda azıb qala bilərəm, şəhər də qazan kimi qaynayır, hər cür adamla doludur, ağıllısı var, axmağı var. Mən isə 3-4 dəfə universitetə getdiyimdən ürəklənmişəm və dönə-dönə israr edirəm ki, gedərəm, özü də lap rahatca gedərəm, yəni mənə görə işinizdən qalmayın. Nə var ki, avtobusun nömrəsini bilirəm, sonuncu dayanacaq universitetin qarşısıdır.
Universitet də orda, düz Elmlər Akademiyası metrosunun yanındadır. Nə çətin işdir ki? Qayıdanda yolu əks tərəfə keçib yenə həmin avtobusa minirəm, gəlib ağ darvazalı köhnə zavodu keçib düşürəm. Vəssəlam! Şəhərə gələndən ağ darvazalı
zavod nişangah yerimdir. Köhnə, mazut iyi verən zavoddur. Mağazaya, dükan -bazara gedəndə ağ darvazasını tapıram, vəssəlam. Ağ darvazalı zavod yerindədirsə, adam şəhərdə niyə azsın ki?..

Adətən öz sözünün üstündə durmağa israrlı olan, adamlarla həmişə bir ton yuxarıdan danışmağı sevən xalaqızının ərini birtəhər razı salırıq. Amma burasını da deyim ki, xalaqızının ərinin bir ton yuxarıdan danışmağa haqqı da var. Qohum-
əqrabadan kənddən kim şəhərə gəlirsə ona tapşırırlar. Yəni o vaxt tapşırardılar, söhbətin əlbəttə indiyə dəxli yoxdur. Həm də tərsliynə baxmayaraq yaxşı adamdır. O ki, deyirlər hər nəslin bir hörmətlisi, ağsaqqalı olur, bax bu da onlardandır. Şəhərə üz tutan evsizlərin, köməksizlərin pənahıdır, kəndə gələndə qohumlar başına dolanırlar, hərə bir tərəfə çəkir. Nə isə, bu mövzunu da qoyaq bir kənara...Bayaq dedim axı universitetə artıq üçüncü dəfədir ki, gedirəm. İki imtahanı
verib yaxşı qiymət almışam, indi üçüncüdür, bundan sonra daha biri qalıb. Bizim dövrümüzdə ali məktəbə 4 imtahan verirdilər, ballar toplanırdı, sonra ümumi müsabiqə olurdu. Kim çox bal toplayırdısa, o qəbul olunurdu, qalanlar ümidlərini gələn ilə bağlayırdılar.

Səhər evdən çıxanda xalaqızının əri sonuncu sözünü deyir:

-Bax ha, diqqətli ol ki, azıb qalmayasan.

Mən də qətiyyətlə söz verirəm ki, arxayın ol, azmaram. Evin qarşısındakı dayanacaqda şad-xürrəm avtobusa minib düz universitetin qarşısında düşürəm. İmtahandan çıxan kimi universitetin həyətinə toplaşan adamlar başıma yığışır. Yerbəyerdən suallar yağdırırlar:

- Nə oldu, necə oldu, nə soruşdular? Məmmədov İlqarı gördünmü? Bizim qızı necə? Əliyev Kənan neynirdi?

Adamların aşırı canfəşanlığına həmişə gülməyim gəlib, indi də ürəyimdə gülürəm. Elə bil uzun müddət həbsxanada yatıb çıxmışam bunlar da məndən otaq yoldaşlarımı soruşurlar. Nə isə, birtəhər onlardan qurtulub yolu əks istiqamətə
keçərək doğma avtobusumu tapıram. Yerimi rahatlayaraq başımı aynaya söykəyib xəyala dalıram.

İmtahanı yaxşı versəm də, istədiyim qiyməti ala bilməmişəm. Mən 5 gözləyirdim. İmtahn götürən qara, enlisifət qadın hər vəhclə qiymətimi kəsməyə çalışırdı və sonda elə də etdi. Bu an, yəni söhbət o andan gedir, ona nifrət edirəm, ta
bağışlayın məni, hələ ürəyimdə yüngülcə söyürəm də. Hərçənd ki, ömrümdə dilimə söyüş gətirmərəm. Sonralar, mənə dərs deyəndə də onunla ulduzum barışmadı, bir-birimizə nifrət edə-edə 4 ili başa vurduq.

Başımı avtobusun aynasına söykəyib düşünürəm ki, əgər o biri imtahandan da 4 alsam yəqin ki, müsabiqədən keçməyim çətin olacaq. Amma necə olursa- olsun şəhərdə qalacağam, ölsəm də kəndə qayıdan deyiləm. Belə bir az yekəxanalıq kimi
çıxmasın, o kəndə sığışmıram, darıxıram orda. Ora mənlik deyil. Qəbul olunmasam, işə düzəlib işləyərəm, gələn il sənədlərimi yenidən verərəm. Gələn il də alınmasa o biri il. Dünya dağılmayıb ki?.. Burasını da deyim ki, inadkarlıq cəhətdən zəif deyiləm. Bir şey beynimə düşdüsə əl çəkmirəm.

Beləcə xeyli yol gəlirəm və birdən ayılıram. Baxıram ki, avtobus mənə tanış olmayan binaların arasıyla şütüyür. Tez qabağa keçib sürücüdən ağ darvazalı zavodu soruşuram, sürücü sürəti azaltmadan arın-arxayın tüklü üzünü qaşıyır,
tələsmədən bildirir:

-Sən oranı çoxdan keçib getmisən, burda düş geri qayıt, iki dayanacaq geri qayıtmalısan. Sürücü səbrlə izah edə-edə yolu bir xeyli də ötüb keçir.

Xalaqızının ərinin sözlərini xatırlayıram: “Diqqətli ol ki, azıb qalmayasan”. Avtobusdan düşüb özümü tarazlayıram və yolun kənarıyla geri qayıdıram. Böyük, enli yoldur, maşınlar ara vermədən şütüyür. Kənarda bir adamlıq səki var,
bəzi döngələrdə o da bitir, yox olur. Görünür, bu yolla ancaq maşınlar hərəkət edir. Az qala divara sürtünə -sürtünə yeriyirəm. Əhlikef sürücülərin bəziləri sürəti azaldaraq dilxoşluq edir, başlarını pəncədən çıxarıb mənə sataşırlar. O zaman dəbdəydi belə şeylər. Bilmirəm, indi də küçədə qızlara sataşırlarmı? Sataşsalar da daha yəqin ki, məzmun dəyişib. O zaman başqaydı...Məsələn, iri zil maşından biri başını çıxardıb irişir: “gözəlsən e gözəl”, “bəh-bəh incəbel gözəl piyada gedir”.

Başqa birisi: “sənə əziyyət olar piyada getmək, gəl gedək” və yaxud “asta yeri, ayağını daş əzər” və s. və ilaxır.

Bir tərəfdən ünvanı tapa bilməmək qorxusu, həyəcan, sürücülərin atmacaları, bir tərəfdən də isti... Əməlli- başlı tərləmişəm, paltarım bədənimə yapışıb. Xeyli piyada yol gedirəm, az qala küçənin başına çatıram. Amma mənim
axtardığım ağ darvazalı zavod yerində yoxdur. Əgər o zavod tapılmasa, axtardığım ev dünyasında tapılan deyil! Buralarda olmalıydı axı... Elə bil heç yerli-dibli olmayıb. Nə qədər baş sındırıram istiqaməti düz tuta bilmirəm. Küçədə bir nəfər
adam da yoxdur söz soruşmağa. Artıq özümdən şübhələnirəm. Bəlkə qayıdanda avtobusun nömrəsini düz oxumamışam, fikirli-fikirli qaçıb minmişəm. Özümü o ki var danlayıram: “Axmaq, qanmaz, yaddaşsız! Hələ bu ağılla universitetdə oxumaq istəyirsən. Bir ünvanı yadında saxlaya bilmirsən. Monqol...”

Daha irəli getmirəm, dayanıb gözləyirəm. Aha, qarşıdakı döngədən çıxan oğlan mənə tərəf gəlir. Gəlib çatanda düz qarşısında dayanıram, birbaşa yolunu kəsirəm. Ortabab, yaraşıqlı oğlandır, yəqin ki, məndən 5-6 yaş böyük olar. İndiki
kimi yadımdadır, əynində ağ köynək var, yuxarıdan 3 düyməsi açıqdır. Qollarını yarıya qədər çırmalayıb. Qara şalvar geyinib, hələ tuflisinin rəngi də yadımdadır. Ağıllı sifəti var, adam beləsindən nəsə pis hərəkət gözləmir. Bəlkə də Allah yetirib bunu mənə. Qırımımdan görür ki, sözlü adamam, dayanıb nə deyəcəyimi gözləyir.

Birbaşa axtardığım ünvanı soruşub vəziyyəti başa salıram. Oğlan məni başdan-ayağa süzür, bir qədər duruxur, çətin bir riyazi məsələni həll edirmiş kimi fikirləşir, sözlərimi təkrarlayır:

-Ağ qapılı zavod... Yanında balaca həyət evləri. Sonra o tərəf doğru istiqamət...Onun belə çox fikirləşməyinə görə ünvanı tapa bilməyəcəyindən qorxuram. Həm də qorxuram ki, birdən çıxıb gedər, tək qalaram bu çölü-biyabanda.
Tez dillənirəm:

-Balaca evlərdir, köhnə, bozarmış hasarları var, divarlardan üzümlər sallanıb.

Oğlan diqqətlə üzümə baxıb gülümsünür. Təbəssümü çox qəribədir. Gülüşü dodaqlarından başlayıb bütün sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey... Birdən qoluma toxunur.

-Gedək, deyəsən tanıdım, irəlidədir.

Sakitcə onun ardınca düşüb dabanbasma gedirəm. Oğlandan, daha doğrusu dabanından elə yapışmışam ki, indi lap dünyanın o başına da getsə ardınca gedəcəm, başqa əlacım yoxdur. Yol gedə-gedə durmadan ünvanı başa salıram:

- Ağ darvaza, iri çənlər, balaca həyət evləri...

Oğlan məni ardınca çəkib aparır, bir adam güclə yeriyə bilən dar səki ilə gedirik. Yoldan ötən maşınlar bu dəfə vıyıltı ilə yanımızdan keçib gedirlər. Küçənin başına kimi gedirik. Ağ darvazadan bir nişan yoxdur ki, yoxdur! Nəfəsimizi dərib
yenidən irəliləyirik. Nəhayət uzaqdan zavod görünür. Başı göyə ucalan enli, qara turbaları da var. İrəli keçib addımlarımı yeyinlədirəm. Oğlan da arxamca gəlir. Zavodun qarşısına çatırıq. Yox, bunun qapısı ağ deyilmiş, boz mavi rəngdədir.
Oğlan bildirir ki, bu ərazidə bir neçə zavod var. Köhnə neftayırma zavodlarıdır, hamısı da bir-birinə bənzəyir. Küçəni o biri üzə keçməli oluruq. Yolu keçəndə oğlan əlimdən bərk- bərk yapışır, məni maşınlardan qoruyur. Ürəyimə heç nə gətirmirəm, heç siz də gətirməyin. Eləcə dost kimi himayədar kimi əlimdən tutub. Küçənin o üzündə əlimi geri dartıram. Deyəsən xoşuna gəlmir, amma etiraz da eləmir. Tərslikdən hava dəhşət istidir, sanki göydən od yağır, həm də çox yorulmuşuq. Bir qədər aralıda altında köhnə taxta oturacaq olan yaşıl yarpaqlı ağac görünür. Oğlan bu dəfə qolumdan tutub ağaca tərəf çəkir. Bu yerdə ağlıma xoşagəlməyən fikirlər gəlir. Nə qədər olmasa tanımadığım adamdır. Qolumdan elə ərklə yapışıb ki, etiraz da edəmmirəm. Ağacın kölgəsindəki ensiz balaca oturacaqda diz-dizə söykənib
əyləşirik. Diz-dizə əyləşməyimdən bir qədər narahat oluram. Bir tərəfdən də oğlan oğrun-oğrun məni süzür, sıxılıram. Nəfəsimizi dərib sərinlənirik. Oğlan ehmalca əlimi ovcuna alır. Bu dəfə sərt hərəkətlə əlimi geri çəkirəm və qaşqabaımı töküb ayağa qalxıram. Oğlan da ciddiləşir:

-Bəlkə yaxşı fikirləşəsən, başqa nə vardı evinizin yaxınlığında?

Daha heç nəyi yadıma sala bilmirəm. Ağlamaq istəyirəm.Yenidən bərabər addımlayırıq. İkimiz də susmuşuq. Oğlan qaşqabaqlı görünür, məndən irəli düşüb gedir. Üzünü mənə çevirmədən soruşur:

-Sənin adın nədir?

Adımı söyləyirəm. Sonra o adını deyir: Əhməd, Cəmil, Murad... Nəsə anlaya bilmirəm. Bir tərəfdən külək başlayıb, o biri tərəfdən sanki qulaqlarım tutulub. İrəlidə köhnə bir qəbiristanlıq görünür. Yadıma düşür ki, bu qəbiristanlığın
yanından bir-iki dəfə keçmişəm. Sevindiyimdən az qalıram qaçıb köhnə başdaşlarını qucaqlayım.

-Görmüşəm, bu qəbiristanlığı görmüşəm, buradan keçmişəm, ev o biri üzdədir -ucadan dillənirəm. Oğlan da mənimlə bərabər sevinir, üzü işıqlanır.

-Aha, görmüsənsə deməli buralardadır, indicə tapacağıq. Qəbiristanlığa tərəf yeriyirik. İri, xırda, düz, əyri başdaşları uzaqdan adamın üzünə dirənir. Başdaşlarının bəziləri yerə yıxılıb, bəziləri yarıyıxılıdır. Amma məlum olur ki, qəbiristanlığın o biri küçəyə çıxışı yoxdur. Deyəsən, heç başqa yerə də çıxış yoxdur burdan...

Oğlan barmaqlarını qatlayıb hesablayır, əməli başlı beynini işlədir:

-Deməli qəbiristanlığın o biri tərəfindən keçmisən, sonra geri qayıtmısan.

Sonra... Bəs niyə tapa bilməyək axı? Əgər sən deyən yerdədirsə, elə buralarda olmalıydı.

Qəbiristanılığın yanında bir qədər o tərəf -bu tərəfə fırlanırıq. Birdən qəbirlərin arsından yaşlı, arıq, beil əyilmiş bir kişi çıxır, daha doğrusu, peyda olur. Kim bilir, bəlkə də nə vaxtsa ölmüşdü elə indicə dirilib. Kişi iri, bulanıq gözlərini üzümüzə zilləyir sonra birdən biədəb söyüşlərlə bizi söyməyə başlayır:

-Əxlaqsızlar, pozğunlar, dingildəşməyə sanki yer tapmırlar. Qəbiristanlığı xəlvət görüblər, gəlib burda görüşürlər. Sizin...

Yaman pərt oluruq. Oğlan kişiyə yaxınlaşıb başa salmaq istəyir ki, məsələ o deyən kimi deyil. Kişi daha da qızışır, səsini ucaldır. Oğlan da əsəbləşib səsini qaldırır.

Bu anda bir milis işçisi bizə yaxınlaşır. Bilmirəm bu adamsız küçədə o hardan çıxdı? Necə xəbər tutdu? İnanın ki, hələ də qaranlıqdır mənə. Kişi milisi görüb daha da bərkdən söylənir, haqqımızda, daha doğrusu oğlanın haqqında vəkalət
qaldırır:

-Sevgilisini yanına salıb bayaqdan burda yüz hoqqadan çıxır. Səhər-səhər də ikisini qovmuşam, indi də bunlar... Mənə bura nəzarət etməyi tapşırıblar, işimiz gücümüz budur, axşamacan adam qovuruq burdan. Əxlaq deyilən bir şey də olmalıdır
axı...

Milis oğlanı kənara çəkir. Burasını deməyi az qala unutmuşdum. O vaxtlar polisə milis deyirdilər, indi polis deyirlər. Nə isə, milis oğlanı kənara çəkir. Bəlkə də ikisi yaşıd olarlar. Amma burada milis hökmlüdür, hakimdir. Sualları o verir.

-Adın nədir sənin?

Oğlan əsəbi səslə, hirslə özünü təqdim edir:

-Əhməd, Cəmil, Murad...

Yenə də əməlli –başlı eşidə bilmirəm. Milis deyəsən bizi məntəqəyə aparmaq istəyir, uzaqdan danışığından elə hiss olunur. Az qalır ürəyim qırılıb yerə düşsün. Özüm də belə şeylərdə yaman qorxağam.

Oğlan getmək istəmir. Əsəbləşir, əl- qolu ilə nə isə danışır, mübahisə edir, milisi başa salmağa çalışır, hərdən qoluna da girir. Kənara çəkilib danışırlar. Oğlan məni göstərib nə isə deyir, bəlkə də, məntəqəyə sonra gələcəyini bildirir. Deyəsən,
sonda razılaşırlar. Gözücu qəbiristanlıq tərəfə baxıram. Kişi yoxa çıxıb, görünür “vəzifəsini”yerinə yetirib gözdən itib. Yenə də yanaşı yeriyirik. Oğlan xeyli pərt görünür, qaşlarını düyünləyib, dodaqlarını bir-birinə sıxıb. Yəqin ki, baş verənlər heysiyyətinə toxunub.

Onun ürəyini almağa çalışıram. Bu boyda şəhərdə bu an təkcə güvənc yerim odur. Qəbiristanlıq gözətçisinin qarasınca söylənirəm, dinmir. Sonra milisin nə dediyini soruşuram, cavab vermir. Eləcə qaşqabaqlıdır. Üzündə tutqun kölgələr dolaşır. Bu saat razıyam əlimdən tutsun, istəyir heç buraxmasın, lap qoluma girsin. Təki bircə dəfə gülümsəsin. Qəsdən qolumu qoluna toxundururam, əhəmiyyət vermir. Bir qədər ondan irəli keçirəm, dayanıb üzünə gülümsünürəm, yenə də əhəmiyyət vermir. Özümü böyüklərin ciddiyə almadığı uşaq kimi hiss edirəm. Küsülü adamlar kimi
yeriyirik. Bir qədər getdikdən sonra uzaqdan başqa bir zavod görünür.

-Odur, oradır! -qışqırıram.

Addımlarımızı yeyinlədirik.

-Oradır, yüz faiz oradır, evimizi də görürəm.

Oğlan da zavodu görür, rəngi açılır. Gülümsünür. Təbəssümü dodaqlarından başlayıb bütün sifətinə yayılır. Dünyaya ərk eləmək, yaxud meydan oxumaq, günəşə göz vurub gülümsəmək kimi bir şey... Əlimdən tutur. Bu dəfə əlimi
geri çəkmirəm, eləcə əl-ələ tutub gedirik.

-O biri imtahanda gəlib səni özüm aparacam. Saat 9-da evin yanındakı dayanacaqda gözləyəcəm. Qayıdanda da özüm götürəcəm. Dinmirəm, bu an bütün qiqqətimi irəlidəki görüntüyə vermişəm.

Birdən zavodun qarşısında var-gəl edən xalaqızının ərini görürəm. Üz-gözündən hirsli və narahat olduğu görünür. Özümü itirirəm. Əlimi oğlanın əlindən çəksəm də artıq gecdir. Oğlan bir şey anlamır, əyilib qulağıma nəsə demək istəyir.

Xalaqızının əri başımızın üstünü alır.

Əvvəl mənə təpinir:

-Bu vaxta kimi harda qalmısan? Bu oğlan kimdir?

-Azmışdım...

Sonra oğlanın qarşısına keçir, qəzəblə onu süzür. Adın nədir sənin?

-Əhməd, Cəmil, Murad... Həyəcandan yaxşı anlaya bilmirəm.

-Bu qızı hardan tanıyırsan?

-Yolu azmışdı, kömək etmək istədim.

Xalaqızının əri kükrəyir.

-Mənə gəlmə, mən səninçün dünənki uşaq deyiləm. Şəhərdə böyümüş adamam. Yolu azmışdı, ürəyin dözmədi qızın əlindən tutdun, əl-ələ verib gəlib buranı tapdınız...

Az qalıram deyim ki, elədir, eləcə dediyin kimidir. Xalaqızının əri sakitləşmir:

-Bu qızı yiyəsiz görmüsən?

Ürəyim bərk-bərk döyünür. Şəhərdə qalmaq, yerləşmək ərəfəsində xalaqızının ərinin yanında inamını itirmək də az iş deyil. Hələ bunun kəndə xəbər çatmağı, hökm çıxarılmaq filan da ola bilər. Az qalıram havalanım.

Xalaqızının əri oğlanın yaxasından yapışır. Sifəti o qədər qəzəblidir ki, əyilmiş görünür, baxmağa qorxuram. Gözlərimi yumuram. Nə isə tıqqıltı, xışıltı, sillə səsləri eşidirəm. Lap hind filmlərindəki kimi... Düşünürəm ki, dəhşətli davanın
ortasında oğlan qəflətən irəli atılıb xalaqızının ərinin yaxasından yapışacaq, qaldırıb yerə çırpacaq. Film davam edəcək. Sonra oğlan mənim əlimdən tutur, kaskadyorlar kimi divarın o üzünə atılırıq. Çıxıb gedirik dünyanın o biri üzünə.

Gözlərimi açıram. Sakitlikdir, üzü-üzə dayanıblar. İkisinin də paltarı əzik-üzük və tozludur. Oğlan gözlənilmədən xalaqızının ərinin qarşısına keçir:

-Bağışlayın, üzr istəyirəm. Təsadüfən belə alındı...Üzr istəyirəm.

Oğlan özünü nədəsə günahkar bilir, yaxud da xalaqızının ərini yumşaltmaq istəyir. Bəlkə də məni düşünür, vəziyyətdən çıxartmağa çalışır. Hərçənd ki, bu versiya sonralar ağlıma gəlib.

Deyəsən xalaqızının əri də xeyli yumşalıb. İrəli düşüb evə tərəf gedir və mənə əmr edir:

-Gəl ardımca!

Dönüb gözucu oğlana baxıram. Oğlan yolu o biri üzə keçməyə hazırlaşır. Son anda baxışırıq. O, yenə də
gülümsünür. Gülüşü dodaqlarından başlayıb bütün sifətinə yayılır. Dünyaya ərk etmək, yaxud da meydan oxumaq, günəşə baxıb gülümsəmək kimi bir şey... Anidən mənə əl edir və uzaqlaşaraq gözdən itir. Mən onu bir daha görmürəm.

Bu hadisədən sonra bir müddət onu xatırlayıram, Ağ darvazalı zavodun qarşısından, evin yaxınlığındakı dayanacaqdan keçəndə gözüm axtarır. Hələ deyəsən bir müddət fikir çəkib qüssələnirəm də. Sonra tamamilə unuduram.

Amma hərdən yaddaşımın hansısa küncünə qonmuş, artıq çoxdan toz basmış, lazımsız, dəbdən düşmüş lent kimi kənara atılmış o hadisəni xatırlayanda yenə də ağlımdan mənasız, bir qəpiklik dəyəri, əhəmiyyəti olmayan bir sual keçir:
görəsən, o oğlanın adı nə idi? Əhməd, Cəmil, Murad?

# 1687 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #