Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #senetinledestekle challenge-inə bu həftə dünyanın bir çox ölkələrində yaşayan və Azərbaycan musiqisini uğurla təmsil edən ifaçılar qoşulacaq.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 23-ü saat 21.00-da Türkiyədən Əməkdar artist İslam Manafov və onun qızı - dirijor, bəstəkar və pianoçu, Əməkdar artist Turan Manafzadə hamını #evdəqal-mağa səsləyəcəklər.
Aprelin 24-ü saat 20.00-da gənc fleyta ustası Ağarəhim Quliyev Fransanın paytaxtı Paris şəhərindən, aprelin 25-i isə saat 21.00-da İspaniyanın paytaxtı Madrid şəhərindən skripka musiqisini gənc və istedadlı ifaçı Kamran Ömərli təqdim edəcəklər.
Konsertlər Baş İdarənin @bakimedeniyyetidaresi rəsmi “İnstagram” hesabından canlı yayımlanacaq. İzləyicilər həmçinin sənətçilərimizlə birbaşa ünsiyyət qurub, onlara suallarını, arzu və istəklərini ünvanlaya biləcəklər.