Vətən müharibəsindən bəhs edən kitabın təqdimatı keçirildi

Vətən müharibəsindən bəhs edən kitabın təqdimatı keçirildi
29 sentyabr 2021
# 18:47

Mədəniyyət Nazirliyi, Xatirə Kitabı Redaksiyası və Milli Kitabxananın birgə təşkilatçılığı ilə yeni çap olunan “Xatirə Kitabı: 44 gün – Tarixi Zəfər” kitabının təqdimat mərasimi keçirilib.

Milli Kitabxanadan bildirilib ki, əvvəlcə torpaqlarımızın azad edilməsi uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, heç bir zəfər qansız, qurbansız başa gəlmir. Çox təəssüflər olsun ki, 44 günlük haqq savaşımızda biz də çoxsaylı şəhidlər verdik: “Bizim bugünkü müstəqilliyimiz, tarixi torpaqlarımızın erməni işğalından azad olunması şəhidlərimizin canı, qanı bahasına başa gəlib. Nə qədər ki, Azərbaycan dövləti, xalqı var, biz onları heç vaxt unutmayacağıq. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə Azərbaycanın necə mərd, döyüşkən xalq olduğunu dünyaya bir daha sübut etdi”.

Direktor qeyd edib ki, tarixi böyük zəfər ərəfəsində “Xatirə Kitabı: 44 gün – Tarixi Zəfər” kitabının nəşri təqdirəlayiq addımdır. O vurğulayıb ki, Xatirə Kitabı Redaksiyasının yaradılması bilavasitə ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə bağlıdır. Məhz onun qərarı ilə yaradılmış redaksiya yarandığı gündən bugünə kimi, çoxsaylı xatirə kitablarını nəşr edib ictimaiyyətə çatdırıb. Çıxışının sonunda K.Tahirov bu kitabın nəşrə hazırlanmasında əməyi keçən bütün əməkdaşlara təşəkkürünü bildirərək belə kitabların böyük ürəkağrısı ilə, hətta göz yaşları ilə yazıldığını qeyd edib.

Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək bildirib ki, biz sentyabrın 27-də tarixi bir gün yaşadıq. 44 günlük müharibə zamanı öz qanını, canını qurban verən şəhidlərimizin anım gününü qeyd etdik. Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsində, hərbi münaqişələrdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün yaradılıb. Redaksiya yarandığı gündən bugünə kimi şəhidlərimiz haqqında çoxsaylı kitablar nəşr edib. II Qarabağ müharibəsində də biz çoxsaylı şəhidlər verdik. Biz onların adını daim yaşatmaq məqsədilə “Xatirə Kitabı: 44 gün – Tarixi Zəfər” kitabının nəşrini vacib bildik.

N.Məmmədova çıxışı zamanı bildirib ki, kitabın 3 cilddə nəşri planlaşdırılır. Hazırda ilk cildi nəşrdən çıxan kitaba 1200-ə yaxın şəhidin adı, soyadı, onlar haqqında məlumatlar daxil edilib. Sonda o vurğulayıb ki, belə nəşrlərin olması gələcəyə parlaq bir töhfədir.

# 1654 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #