Andrey Tarkovskinin kitabı ilk dəfə Azərbaycanda
Kulis.az xəbər verir ki, Dövlət Tərcümə Mərkəzi kinoşünaslıq, rejissor və aktyorluq sənəti tədrisinə töhfə olaraq görkəmli Rusiya kinorejissoru Andrey Tarkovskinin “Kino sənətinin sirləri haqqında” kitabını nəşr edib.
Azərbaycan dilində ilk dəfə işıq üzü görən kitaba müəllifin sənət barədə düşüncələri, elmi-nəzəri məqalələri, mühazirələri, çıxışları və müsahibələri daxil edilib.
“Kino cəmiyyətin aynasıdır”, “Kino rejissorluğu üzrə mühazirələr”, “Sənət ideal axtarışında”, “Həkk olunmuş zaman”, “Sənətkar məsuliyyəti”, “Həsrətdən sonra”, “Kino sirli aləmdir”, “Görüşlər, çıxışlar, müsahibələr” adlı fəsillərdən ibarət kitabda kino aləminin görünən və görünməyən tərəfləri, aktyorluq və rejissorluq peşəsinin gizli qatları, kino sənətinin insana və cəmiyyətə təsiri kimi yaradıcılıq incəlikləri dərin təhlil və araşdırmalarla izah edilir.
Kitabın orijinaldan tərcümə müəllifi Fərhad Abdullayev, redaktoru Rəbiqə Nazimqızıdır.
Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.
Kitabı şəhərin kitab mağazalarından əldə etmək olar.