Tanınmış şair Rüstəm Behrudinin intihar edən qardaşı oğlunun bu ilin yanvar ayında 17 yaşı tamam olub.
Kulis.az xəbər verir ki, o, özünün Facebook profilində bu haqda təsirli bir status paylaşıb. Statusda deyilir:
“Saat 00:00-ı göstərir. Elə indicə 17 yaşım olur. Və böyümənin verdiyi məsuliyyəti düşündükcə təbii olaraq, kefim pozulur. Ancaq sonra həmin əziyyətlərin vəd etdiyi həyatı səbirsizliklə gözləyirəm.
Hər yaşıma 1 il əlavə olunanda özümü daha da xoşbəxt hiss edirəm. Rəqəmləri çox sevirəm. Yaşımı artıranları isə bir başqa.
Buradan 30 il sonrakı özümə onu çox qısqanıram və əldə etdiyi hər şeyə görə ona təşəkkür edirəm.
Məni var edən, mənim mən olmağıma səbəb olan şəxslərə təşəkkür edirəm. Və istəyirəm onları sizə təqdim edim.
Sonda özümə bir bəstə hədiyyə etmək istəyirəm. Doğum günün mübarək olsun, İsa."
Xatırladaq ki, isa statusdan sonra qohumları və dostları ilə fotolar paylaşıb, özünə isə bəstəkar Emin Sabitoğlunun “Ad günü” mahnısının linkini paylaşıb.
Daha sonra əmisi, şair Rüstəm Behrudi də qardaşı oğluna ad günü təbriki yazıb və aşağıdakı fotoları paylaşıb:
“Əzizim, İsa!
Sənin 15 yaşın olanda səninlə birlikdə Səmərqəndi, Buxaranı, Daşkəndi gəzdik!
Bu gün 17 yaşın olur, qutlu olsun!
Gün o gün olsun səninlə birlikdə Turanı gəzək!
Turan vətəndaşı kimi!”