İyulun 12-də Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində Rusiya Prezidenti Vladimir Putinin Fərmanına uyğun olaraq Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevin “Puşkin” medalı və teatrın baş rejissoru Aleksandr Şarovskinin “Dostluq” ordeni ilə təltif olunması mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, mədəniyyət xadimlərinə mükafatları Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov təqdim edib. O, Ə.Hacıyevin və A.Şarovskinin Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə və ölkəmizdə rus teatr sənəti ənənələrinin qorunub saxlanmasına böyük töhfə verdiklərini qeyd edib.
Öz növbəsində Rus Dram Teatrının direktoru və baş rejissoru, fəaliyyətlərinə verilən bu yüksək qiymətə görə Rusiya Prezidenti Vladimir Putinə dərin minnətdarlıqlarını bildirib, bundan sonra da Azərbaycanda teatr sənətinin inkişafı və iki xalq arasında humanitar əməkdaşlığın genişləndirilməsi üçün səy göstərəcəklərini qeyd ediblər. /azertag.az/