Azərbaycan və Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Rusiya Teatr Xadimləri İttifaqının "Teatr sənətinə xidmətlərinə görə" yüksək medalı ilə təlfif olunub.
Kulis.az xəbər verir ki, Rusiya Teatr Xadimləri İttifaqının ali medalı Bəhram Osmanova fevralın 28-də Kalmıkiya Respublikasının Batır Basanqov adına Kalmık Milli Dram Teatrının səhnəsində quruluş verdiyi "Kasatka" tamaşasından sonra təqdim edilib.
Belə ki, Kalmık Milli Dram Teatrı ilə sıx yaradıcılıq əlaqələri olan rejissorun, növbəti üçüncü tamaşası səhnəyə qoyulub.
Bundan əvvəl yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" və "Gözlə məni" pyeslərinə Kalmık Milli Teatrında quruluş verən Bəhram Osmanov, bu dəfə Aleksey Tolstoyun yaradıcılığına müraciət edib. Batır Basanqov adına Kalmık Milli Dram Teatrının səhnəsində Aleksey Tolstoyun "Kasatka" əsərini tamaşaya qoyub.
Fevralın 26-da "Kasatka" tamaşasına ilk baxış keçirilib. Tamaşada Kalmıkiya Respublikasının Mədəniyyət naziri və nazirliyin nümayəndələri, həmçinin Kalmıkiyanın Teatr Xadimləri İttifaqının sədri iştirak edib. Azərbaycanlı rejissorun tamaşası yüksək qiymətləndirilib. Böyük diqqətlə qarşılanıb.
Fevralın 28-29-da isə tamaşanın böyük premyerası olub. Premyerada Rusiya Teatr Xadimləri İttifaqının nümayəndələri, Rusiyanın və Kalmıkiyanın teatr ictimaiyyətinin tanınmış simaları iştirak ediblər. /open.az/