Kulis.az Aqşin Yeniseyin yeni - "Kor-koranavirus" şeirini təqdim edir.
(Qan Turalı üçün "cibxərcliyi)
Poeziya faciənin sevgilisiydi...
İllər keçdi...
Sevgi dərd sözünün sinoniminə çevrildi
Axrıncı dəfə tualet qapılarının üstündəki yazılarda ayrıldılar
Kişilər və qadınlar.
Həyat, onsuz da, insan üçün karantin idi!
Yuxularımıza tanımadığımız adamlar girdi.
Əllər qatil elan edildi!
Təbiət öz vəhşiliyini ört-basdır etmək üçün
tezbazar kəpənəyi yaratdı.
Şimşək, o göylər şahının dəcəl oğlu, yenə qılıncını oynatdı,
ucuyla buludları qanatdı
Gözünü çıxardı kimsəsiz gölün...
Kor-koronavirusdan başqa kimsə qalmadı küçədə
O da bizim şizofren abi kimi elə hey qışqırırdı
yoxa çıxmış adamlara
– ölün... ölün... nə olar, siz allah, ölün...
Bundan sonra itmiş bir əşya kimi yaşamaq var həyatda.
Əmin olmaq var, səni nə vaxtsa kimsənin tapacağına
və kiminsə ömür boyu səni tapmaq üçün axtaracağına ümid var.
Küləkli havada küçədə dəliqanlılıq edən ağac kimi yaşamaq
Vicdanına qısılan bədəndən süzülən göz yaşı kimi lal-dinməz axmaq
Kor gözlər kimi görməmək, amma baxmaq... baxmaq... var
Bundan sonra!
Hətta möminin evində də artıq şeytan allaha qalib gəlir.
Dua oxumağa hazırlaşan Gülfidan xala səcaddə önündə spirtlənir.
Arvadım Ömər Xəyyamı sevmir, halbuki müdrik idi o qədim içki düşkünü
Yazırdı ki, quşlar uçmağın özü üçün uçanda göylər dincəlir.
Hər gün ümid edirəm ki, bir daha ümid etməyəcəyəm.
Çünki insan ağrıyırsa,
Yəni nəhəng bir yara kimi yaşayırsa həyatı
Üstəgəl, ovucları gözəgörünməz göz yaşları ilə doludursa
Hətta hədiyyə olunmuş gül kimi
hiss olunmadan solursa!
O mənə paslı kağızda yanan qədim bir mətni xatırladır:
Əbədiliyinin bir qığıcıma bənd olmasını!
Poeziya faciənin sevgilisiydi...