Qollarım üstündə bir qız ağlayır – Nəriman Həsənzadənin şeirləri

Qollarım üstündə bir qız ağlayır – Nəriman Həsənzadənin şeirləri
18 fevral 2020
# 21:01

Bu gün Xalq şairi Nəriman Həsənzadənin doğum günüdür. Onun 89 yaşı tamam olur. Kulis.az bu münasibətlə şairi təbrik edir, onun şeirlərindən bir neçəsini oxucularının diqqətinə çatdırır.

Elə dayanırsan, elə baxırsan

Elə dayanırsan, elə baxırsan,
Elə bil qarşında quru bir daşam.
İpək saçlarını bir vaxt oxşayan
Elə bil hardasa mən olmamışam.

Səni dostlarımla, tanışlarımla,
Mən tanış edərdim nə vaxtsa bir-bir.
İndi özgələri yad ehtiramla,
Deyirlər tanış ol...
Nə qəribədir?!

Yuxuda görərdin nə vaxtsa hər dəm,
Yolumu gözlərdin yollardan uzaq.
Mən sənin yuxundan çıxıb gəlmişəm,
Bu da bir yuxudur, gəl tanış olaq.

Qoluna girərdim... bu, yadındadır,
gedərdik... yolumuz, arzumuz şərik.
Qolum qollarının lap yanındadır,
toxunsa biz indi üzr istəyirik.

Hayanda oldumsa səhər, ya axşam,
Aradın sən məni, gördün sən məni.
İndi gözlərinin qabağındayam,
Hayanda durum ki, görəsən məni?

Gəzəyən qız

Səni görübdülər dağüstü parkda,
Gün bir az aşağı əyilən vaxtda.
Kinodan çıxanda görüblər səni,
Ötürüb harasa bir nəfər səni.
Sonra bir avtobus duracağında,
Sonra bir metronun çıxacağında,
Sonra bir taksiyə mindiyin yerdə,
Haraya gedibsən göz qoyubdular,
Adını "gəzəyən qız" qoyubdular.

Məni gözləyibsən Dağüstü parkda,
gün bir az aşağı əyilən vaxtda.
Səni o kinoya mən aparmışam,
Özüm ötürmüşəm sonra, qadası.
Od tutub yanağın, üzün yanmasın,
Yenə görüşmüşük gedib bir axşam:
Əvvəl bir avtobus duracağında,
Sonra bir metronun çıxacağında,
Sonra bir taksiyə oturmusan sən,
Mənim görüşümə gecikdiyindən.
Özüm saxlamışdım bir dəfə səni.
Bir az gec ötürdüm mən evə səni.
Gör, necə yerbəyer, necə adbaad,
məni görməyiblər, ay dadi-bidad!

***

Pəncərəm önündə sular çağlayır,
Xal düşür gecənin aydınlığına.
Qollarım üstündə bir qız ağlayır,
İnana bilməyir qadınlığına.

Başının örpəyi yana sürüşüb,
İçməyib, məst olub, səbəbi nəydi?
Yerin çəkisizlik qütbünə düşüb,
Bu qütbü nə vaxtsa o, keçməliydi.

Özü gözlədiyi bir gün gəlibdi,
İndi soruşmayın, heç bilməyir o.
Qadınlıq qızlığa üstün gəlibdi,
Ağlaya-ağlaya gülümsəyir o.

Açıb gözlərini indi qalxacaq,
Tanımır özünü şirin röyada.
Qızlar nə deyəcək ,bilmirəm, ancaq
Mübarək!
Bir qadın artdı dünyada.

Bir kişi qayğısı artdı,
Mübarək!
Bu gecə hər qəlbə nur ələnibdi.
Nə qədər qadın var, o qədər demək
Dünyaya qayğılar səpələnibdi.

Azalır o bəzən, artır o bəzən
Sınanır varlığı, yoxluğu üçün.
Bəlkə, mən sevirəm dünyanı qəlbən,
Qadın təbiətli olduğu üçün.

Bəzən bir eyhamla, ya baxış ilə
Nə qədər istəsən söz demək olur.
Yalnız bir qadının təbəssümüylə
Yüz ağlayan olsa, kiritmək olur.

Köksündə gizlicə sevən ürəyi
Gözündə həmişə məlum olubdu.
Kişilər önündə cəbrlə deyil,
Qadınlar xahişlə məğlub olubdu.

O ən müqəddəsdi, ən mədənidi,
Bəşər nəslimizə o həyat verir.
Qadının sərvəti - öz bədənidi,
Onu da kişiyə mükafat verir.

Qollarım üstündə bir göz yaşını
Bir qərib gülüşü öpürəm hələ.
Özü qız saçını, qadın saçını
Üzümə dağıdır öz əllərilə.

Sahildə

Gəzirəm yanaşı sevgilimlə mən,
Gömgöy sahilində Gəncə çayının.
Bir əl gəzdirərək saçımda hərdən,
Əsir sabah yeli avqust ayının.

Görürəm şamlıqdan xeyli aşağı,
Bir söyüd ağacı başını əyir.
Sanki qurumuşdur dili-dodağı,
Sulardan doyunca içmək istəyir.

Bir sual dolanır başında bütün,
Sakit gəzinməyə məni qoymayır.
Çayın içindədir kökü söyüdün,
Bəs niyə sulardan gözü doymayır?

Əlimlə sahili nişan verərək,
Deyirəm, sevgilim, nəzər sal bir an.
Elə bil, mən səndən doymadığım tək,
O salxım söyüd də doymur sulardan.

***

Gündüzlər olsam da harda, harda mən,
Poyluya dönürəm yuxularda mən,
Təzədən analı uşaq oluram,
fikirdən, qayğıdan uzaq oluram.

Qaçıram,
arvadlar baxıb gülüşür,
kəmərim belimdən açılıb düşür.
Təzədən başlanır dirədöymələr,
aşıq, çilikağac... nələr, ay nələr.

Bir qoca bar idi, o, cavanlaşır,
Ağstafa çayı təzədən daşır.
Kür axır, məcrası dolmur ki, dolmur.
Yuxuda gün çıxır heç axşam olmur.

Hamıyla əl tutub görüşürəm mən,
babamla, nənəmlə öpüşürəm mən.
Anamı tapmıram, ay haray... anam!
Axtara-axtara mən ayılıram.

Gallery

# 7472 dəfə oxunub

Müəllifin son yazıları

# # #