Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə martın 8-də “Nizami Gəncəvi İli” çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək.
Kulis.az xəbər verir ki, sərgi rəssamlıq sənətinə marağı artırmaq, cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların ölkənin mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə təşkil olunur.
Azərbaycan qadını tarix boyunca öz müdrikliyi, dərin zəkası, elm, təhsil, mədəniyyət və digər sahələrə verdiyi töhfələrlə respublikamızın həyatında mühüm rol oynayıb, Şərqin ilk demokratik respublikasında seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edib. Müasir dövrdə demokratik cəmiyyətin inkişafında da Azərbaycan qadınının rolu böyükdür.
Sərginin virtual ekspozisiyasında rəssamların müxətlif mövzu və janrda işlədiyi əsərləri nümayiş etdiriləcək.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini özünün sosial media hesabları vasitəsilə izləməyə dəvət edir.