Kulis.az akademik Teymur Kərimlinin yenicə yazdığı “Ali Baş Komandana Xan Arazın dilindən” şeirini təqdim edir.
Ölüm, çəkil cəhənnəm ol!
Yaşam, xoş gəldin, xoş gəldin!
Dizim tutar bu dağları
Aşam – xoş gəldin, xoş gəldin!
Sinəmə fərəh dolduran,
Başımı göyə qaldıran,
Goreşəndən yurd saldıran
Paşam! Xoş gəldin, xoş gəldin!
Bir gözəli çox özlədik,
Yoluna can qurban dedik.
Bir qərinə yol gözlədik –
Şuşam, xoş gəldin, xoş gəldin!
Ehey fələk! İşdər oldu,
Söz düşmənə neşdər oldu.
Bir zər atdım, şeşdər oldu –
Qoşam, xoş gəldin, xoş gəldin!
Qonağımdır Böyük Paşam,
Nə söz tapam, nə söz qoşam?!
Sevincimdən əsəm, coşam,
Daşam! Xoş gəldin, xoş gəldin!
18.11. 2020