O viranə yuxu - Xəyyam Rəfilinin şeirləri

O viranə yuxu - Xəyyam Rəfilinin şeirləri
18 noyabr 2019
# 18:20

Kulis.az Xəyyam Rəfilinin şeirlərini təqdim edir

O gün səni görmüşdüm, yuxuda.
Saçlarını iki yerdən hörmüşdün
yuxuda.
Biri uzun, biri qısa.
Hələ at da çapırdın
yoxuşa.
Gözəl idi yoxuş da,
at da,
yuxu da.

Yoxuşda bir bulaq vardı
Qoca çinarın altında.
Sən də ordan su içdin,
At da, yuxu da.

Sonra bulaq qurudu,
Elə qoca çinar da.
At da yox oldu birdən.
Biri uzun, biri qısa hörüklərin
Bir cüt qanad oldular,
Səni alıb bir tərəfə uçdular.

O viranə yuxuda
tək qalanda,
Sağım solum qap-qaranlıq olanda,
Hər əlimlə bir boşluqdan tutanda,
Anladım ki, ömrüm mənim çin oldu
yuxuda.

***

Bu gün yenə darıxıram.
Uzaqda bir it hürür,
Yəqin rəngi qaradı.
Gecənin zülmətində
ağ it niyə hürsün ki?
Pəncərəmdən qaranlıqda görünməyən
dənizə tərəf baxıram.
Bilirəm...
Mən Onu görməsəm də
O məni mütləq görür.
Elə ən çox da Ondan qorxuram.

* * *

O qədər yorğunam ki,
Bir təpənin başında,
Bir ağacın altında,
Uzanıb yata bilsəm,
Dünyanın ən xoşbəxt yorğunu ollam.
İmkan olsa qəbrimi o ağacın altında qazın.
Üstünə də
"səs salmayın burda yatan var" yazın.


* * *

Beynim qarət olunmuş ev kimidi,
Xatirələr ayaq altda səpələnib.
Alnımda oğrunun ayaq izləri,
Bir şey tapa bilməyib, qapımı təpikləyib.
Görən hirsi soyuyubmu?
Mənə əzab verən ömür
Onu rahat qoyubmu?

Adam axı bir öyrənər
Oğurladığının nəyi var,
nə qədərdi?
Bütün varı dövləti bəlkə quru kədərdi

# 2963 dəfə oxunub

Müəllifin son yazıları

# # #