Stokholm və Osloda ənənəvi Nobel mükafatlarını təqdimetmə mərasimləri bu il keçirilməyəcək.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nobel Fondu nümayəndələri bəyanat yayıb. Verilən qərar koronavirus pandemiyası ilə əlaqədar olaraq qəbul edilib.
Hər il Nobel mükafatının təqdim olunması münasibətilə tədbirlər mükafatın banisi Alfred Nobelin vəfat etdiyi gün - dekabrın 10-da Stokholm və Osloda keçirilir. Onun vəsiyyətinə görə, Nobel Sülh Mükafatı istisna olmaqla, bütün mükafatlar hər il Stokholmda laureatlara təqdim edilir.
Nobel Sülh Mükafatı Norveçin paytaxtı Osloda təqdim olunur.
Lakin Stokholmda fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat və iqtisadiyyat sahələrində laureatlara ənənəvi olaraq mükafatların təqdim edilməsi koronavirus böhranı ilə əlaqədar baş tutmayacaq. Bunun əvəzində laureatlar internet vasitəsilə mükafatların kiçik təqdimetmə mərasiminə qoşulacaqlar.
Oslo şəhər ratuşunda Nobel Sülh Mükafatının verilməsi ilə bağlı ənənəvi tədbir də ləğv edilib. Norveç Nobel Komitəsinin qərarına əsasən, bu il mükafatlandırma mərasimi Oslo Universitetində məhdud formatda keçiriləcək.
Qeyd edək ki, daha əvvəl koronavirus pandemiyası ilə əlaqədar olaraq, təqdimat mərasiminin başqa bir ənənəvi hissəsinin - Nobel ziyafətinin ləğv edilməsinə qərar verilib.