Kulis.az Malik Atilayın yeni şeirlərini təqdim edir.
İkinci mərtəbədəki işıqlı pəncərə
Pəncərədən
Bayıra süzülür işıqla qol-qola nə varsa evdə...
İkinci mərtəbədən səkiyə tuşlanan bir həyat axır indi
Sap-sarı işıqlarla
Uşaqların gülüşü tökülür əvvəlcə
Evin sakitliyini oyuncaqları kimi bir küncə gizlətdikləri günlər görünür sonra
Sonra göz yaşları da axır boz asfalta
Sındırılan qablar kimi
Qırılmış ürəklər də təkrar-təkrar çırpılır yerə
Yenidən qırıq-qırıq olur.
Bayram süfrələri,
Üfürülən ad günü şamları
Şamların qulağına pıçıldanan arzular da
Ard-arda
Qovuşur asfaltla
Yaşanmayan günlər astaca intihar edir pəncərədən yerə atılaraq
İllərdi məhbusu olduğu dodaqları tərk edir təbəssümlər
Acı bir boşluq qalır işıq boyu süzülən şəkillərdə
Kimsəsiz qəhqəhələr yayılır bəyaz örtüyə düşən ləkətək
Səssizliyində şəhərin
Sevgilər
əli-qolu bağlı , yaxşı-yaxşı gizlədilmiş məktublarda
Gözə görünmədən aradan çıxır
Pəncərədən həyat yağır
İşıq yağır
Qaranlığın üst-başına...
Həyat axır
İkinci mərtəbəki işıqlı pəncərədən...
Yağış
1.
Hər yağış damlasını
Torpağa qovuşanadək bir mələk izləyərmiş
Sənsə
Bulud mavisi gözlərindən
Axan yaşları
Yorğanın altında gizlətdiyinimi
Düşünürsən hər kəsdən.
2.
İndi bulud deyil göylərdəki
İndi yağış deyil yağan
Küçələrdən şüşə yığıb satan
Kimsəsiz uşaq
Alın tərini silir buludlara
Sonra sıxır buludları nənəsindən qalma güllü-güllü dəsmal əvəzi.
3.
Unutmur hələ də
Anası ölən günü inci-inci yağan yağışları,
Atasının sərxoş-sərxoş binadan atarkən özünü
Cansız bədəninə hər kəsdən əvvəl çatan damlaları
Ona görə
Hər yağışlı gündə
İtirmədiyi adamları yoxlayır bircə-bircə
Dizlərindəki ağrıların qapılarını döyən qoca kimi.
Öyrədir sevməyi,
Öyrədir ayrılığı...
Həyat sınaqlardan keçirir bizi
Öyrədir sevməyi
Öyrədir ayrılığı
Payızın soyundurduğu ağacda sonuncu yarpaq kimi
Gedənlərin yoxluğunda darıxmağı öyrədir
Öyrənib əzablara dözməyi
Hər gecə ağrılarının bir azını azdırmaq ümidiylə
Səssiz-səmirsiz
Dayanarsan,
Sevdiyin qadınların ürəyinin önündə
Və
Gedəcək yerin qalmaz bir axşam
Uzaqda,
Lap uzaqda ümid kimi közərən şam
Qəfildən sönər
Dünya yenidən batar qaranlığa
Ağrıların belə bezib uzaqlaşar səndən
Yarıqaranlıq barın o başından
Səslənən gülüşlərdə qəlpələnib ələnər üstünə yalnızlığın.