Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniyanın təqdimatı keçirilib.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov, BMT-nin Sivilizasiyalar Alyansı (BMT SA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət nazirinin Aparat rəhbəri Vasif Eyvazzadə qlobal kampaniyanı təqdim edib.
Tədbirdə A.Kərimov bildirib ki, bu kampaniyanın keçirilməsi tarixi hadisədir: “Kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətə qarşı törədilmiş soyqırımın dünyaya çatdırılmasına nail olmaqdır. Həmçinin dünyanın müxtəlif münaqişə regionlarında mədəni irsin qorunmasının orada sülh yaradılması vasitəsilə mümkün ola biləcəyinin, mədəni həyatın canlanmasında sülhün mühüm rol oynadığının, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır. Eyni zamanda planetin heç bir yerində, heç bir mədəniyyətə qarşı vandalizmin təkrarlanmaması üçün çağırış edilməsidir. Bu qlobal kampaniya sülh vasitəsilə mədəni irsin qorunmasının, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulmasının və beynəlxalq sülh sistemlərinin gücləndirilməsinin, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsini nəzərdə tutur”.