Koronavirusa tutulan və sağalan yazıçıdan qeyri-adi açıqlama

Koronavirusa tutulan və sağalan yazıçıdan qeyri-adi açıqlama
30 mart 2020
# 11:35

Tanınmış Türk yazıçısı Zülfü Livaneli Amerikada koronavirusa yoluxduğu iddiaları ilə bağlı açıqlama verib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, 73 yaşlı yazıçı, koronavirusa ABŞ-da keçirilən imza günündə yoluxduğunu ehtimal etdiyini bildirib: “25 fevralda həyat yoldaşım və qızlarımla üç ayrı tədbirə qatılmaq üçün Nyu-Yorka getdik. Bunlardan ikisi Rumi Suite konsertləri, ingilis dilində nəşr olunan “Serenad” kitabımın imza günü, digəri isə Kolumbiya Universitetində görüşüm idi. İmza günündə təxminən yüz amerikalı və türk var idi. Kolumbiyada salon tamamilə dolmuşdu. Bu iki tədbirdən birində koronavirusa yoluxduğumuzu təxmin edirəm.”

Zülfü Livaneli hazırda özünün və ailə üzvlərinin səhhətinin qaydasında olduğunu bildirib: “Həyat yoldaşımla mən müalicə aldıq. Tamamilə sağaldıq və Türkiyəyə qayıtdıq. Hazırda test nəticələrimiz neqativ göstərir, amma yenə də evdən çıxmırıq. Virusu kimin hansı tədbirdə, kimə keçirdiyini söyləmək mümkün deyil”.

Yazıçı virusun müalicəsi ilə bağlı da maraqlı açıqlamalar verib. O, hazırda müalicənin mümkünsüz olduğu bildirilsə də koronavirusdan əslində tam sağalmağın mümkün olduğunu bildirib:

“Dərman şirkətləri və onların havadarları ilə həkimlər arasında böyük bir “müharibə” var. Buna görə, sağalma prosesimizlə bağlı məlumatı paylaşa bilməyəcəm. Amma onu deyə bilərəm ki, bu virus müalicə olunandır. Heç kim ümidsizliyə qapılmasın. Mümkün qədər evdə otursun və bu bəlanı əl-ələ verib dəf etməyə çalışaq. Kefimizi pozmayaq, çünki sağalmaq üçün ruh yüksəkliyi çox əhəmiyyətlidir”.

# 5266 dəfə oxunub

Müəllifin son yazıları

# # #