Heçlik oyunu - Monoloq - Video

Heçlik oyunu - Monoloq - Video
13 dekabr 2019
# 18:26


Kulis.az Nicat Manafovun "Heçlik oyunu" monoloqunu təqdim edir.

Üstündə dayandığım zaman, indi dediyim o nədirsə, niyə dayanmır. Niyə aparır gələcəkdəki sevinclərə, əzablara, arzulara məni. Olmaz ki, olduğu kimi qalsın, dəyişməsin heç nə, tərpənməsin heç nə, donum qalım burada, elə burada.

Getməyim heç yerə, axtarmayım heç nə, arzulamayım heç nə, bilməyim heç nə. Heçdən bir heç yaratmasam, sonra axtarmasam heç nə. Qıraqdan izləmək istəyirəm bu nağılı, amma imkan vermir ki, çəkir içinə. Atır bir oyuna, seçimləri və hekayəsi əvvəldən yazılmış bir oyuna, nəyi seçsəm, nə olacağına qədər hamısı yazılıb, bütün ehtimallar, bütün sonlar, məndən əvvəlkilər və məndən sonrakılar, hamısına eyni oyunu seçiblər.

Amma bizə göstərmir həyat yazdığını, əylənir bizimlə uzaqdan. Axı mən oynamaq istəmirəm, niyə hər dəfə atırsan məni istəmədiyim nağıla. Mən belə yaxşıyam, onlar oynasın, mən baxım. Niyə həyat istəmir özünə dost, çox paxıldır, tək olmaq istəyir yazıda. Ancaq özü yazıb, özü izləyir bizi, tullayır gecəli-gündüzlü yollara bizi. Bizə də yer ayırsan yanında, heç olmasa bəzilərimiz, heç olmasa bir neçəmiz, gəlib otursa yanında, izləsə qıraqdan, danışmadan, dinmədən. Nə olar axı icazə ver heç olmasa mən oturum yanında, söykəyim başımı çiyninə, dinmədən baxım səninlə sonsuzluğa. Həyat, eşidirsən məni? Sənə deyirəm, olar oturum?

# 2608 dəfə oxunub

Müəllifin son yazıları

# # #