Haqverdiyevlə bağlı film hazırlanır

Haqverdiyevlə bağlı film hazırlanır
3 iyul 2020
# 18:30

2019-2020-ci il mövsümündə Azərbaycan Televiziyasında 40-a yaxın yeni veriliş efirə çıxıb. Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 2019-2020-ci il mövsümü ilə bağlı hesabatında bildirilir.

Yeni verilişlərdən 4-ü hazırda yaşadığımız pandemiya dövründə ərsəyə gəlib. “#Evdəqal”, “Gündəlik”, “Koronavirusİnfo” verilişləri karantin dövründə əhalini maarifləndirmək, “Eyvana çıx” verilişi isə evdə qalan insanların vaxtını daha səmərəli və maraqlı keçirmələri məqsədilə hazırlanıb.

Bundan başqa, 20-dən çox sosial çarx, 40-a yaxın bədii, sənədli film hazırlanıb. İkihissəli “Zəng” komediyası, “Son gecə”, “Sonuncu”, “Yada saldıqda səni”, həmçinin “Məmləkətim”, “Şəhərin iç sədası”, “Kəlağayı”, “Şəhidlər”, “Xocalı yol gözləyir”, “Ana və poçtalyon”, “Polkovnikin əmanəti”, “Torpaq”, “Bir dəniz hünər”, “Qoca qartalın əbədi uçuşu”, “Xalça”, “Qəlb şairi”, “Yuxu kimi”, “Yarımçıq nəğmə” və digər filmlər bu qəbildəndir.

Hazırda Xurşidbanu Natəvan və Əbdürrəhim bəy Haqverdiyevlə bağlı filmlər üzərində iş gedir.

Hesabatda bildirilir ki, kanalın maddi-texniki bazasının gücləndirilməsi, xüsusən HD yayıma keçidlə bağlı addımlar atılıb, yaxın gələcəkdə tamaşaçılar keyfiyyətcə yeni yayım formatını hiss edəcəklər. Ötən müddətdə 10-dan çox yeni və müasir tələblərə cavab verən studiya qurulub, AzTV, “Mədəniyyət” kanalı və “İdman TV” rebrendinq olunub, qrafik göstəricilər yenilənib.

“Mədəniyyət” TV-də Azərbaycanın mədəni-ideoloji həyatını təbliğ edən 12-dən çox yeni layihə hazırlanıb, son bir il ərzində 300-ə yaxın tədbir – konsertlər, tamaşalar, telelayihələr reallaşdırılıb. Pandemiya dövründə “Bizi birləşdirən mədəniyyət” şüarı altında yeni layihə çərçivəsində proqramlar, görkəmli mədəniyyət xadimləri ilə bağlı telehəftələr reallaşıb. Gələn həftədən etibarən AzTV-də şənbə və bazar günləri axşam saatlarında estrada ulduzları və muğam ustalarının canlı konsertləri yayımlanacaq. /azertag.az/

# 2101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #