Gülə-gülə qayıdan Kəlbəcər - Sücaətin vətən şeirləri

Gülə-gülə qayıdan Kəlbəcər - Sücaətin vətən şeirləri
14 noyabr 2020
# 16:30

Kulis.Az gündəmi nəzərə alaraq mərhum kəlbəcərli şair Sücaətin doğma el-obasından yazdığı şeirləri təqdim edir.

Gecələr

Gedənləri anda verib yolundan,
Saxlayıram, yatmıram ki, gecələr.
Düz altmış min göz-göz olan yaranı,
Bağlayıram, yatmıram ki, gecələr.

Yurd-yuvamız viran olub talanıb,
Bulaqların nəğməsi də bulanıb.
Addım-addım o dağları dolanıb,
Yoxlayıram, yatmıram ki, gecələr.

Çox yanmışam olmamışam belə mən,
Dərd çəkməyə yaranmışam elə mən.
Gah dönürəm aşıb-daşan selə mən,
Çağlayıram, yatmıram ki, gecələr.

Taleyimiz dərdimizi qudurdub,
Vətən dərdi Sucaəti oturdub.
Balaları gülə-gülə yatırdıb,
Ağlayıram, yatmıram ki gecələr..

Kəlbəcər

Mənim ürəyimdi, mənim canımdı,
Düşmən süngüsünə keçən Kəlbəcər.
İndi ondan-bundan qiymət gözləyir,
Aqili nadandan seçən Kəlbəcər.

Tər-tər qəmli-qəmli axar sızıldar,
Dağlar gözlərini sıxar sızıldar.
Dağılmış evlərə baxar sızıldar,
Əsir düşüb, zəhər içən Kəlbəcər

Sücaət, neyləyək baxt belə baxtdı,
Darıxma, hər şeyi həll edən vaxtdı.
Bir gün gülə-gülə qayıdacaqdı,
Ağlaya-ağlaya köçən Kəlbəcər!

Mən olaydım

Sınmayaydı qanadlarım
Quş, yerinə mən olaydım
Uçardım düz Dəlidağa
Kaş yerinə mən olaydım

Ömür talan, həyat yalan
Dərdə düşsün dərdə salan
O dağlarda məğrur qalan
Daş yerinə mən olaydım

Sücaəti unutma sən
Həsrətindi məni didən
Yanağından axıb gedən
Yaş yerinə mən olaydım

Hardan alım

O dağları bəzəməyə,
Ləli-zəri, hardan alım?!
Soldu getdi çiçəklərim,
Təzə-təri hardan alım?!

Olmuşuq lal, olmuşuq kar,
Susub nəğmə, kiriyib tar.
O nəğməkar, o bəstəkar,
Xan tərtəri hardan alım?!

Axır düşdük pərən-pərən...
Ömür harda bitər görən?!...
O adma ləzzət verən,
Xeyri-şəri hardan alım?!

Tikanlıqda gül gəzirsən,
Sızğalardan sel gəzirsən,
Qədirbilən el gəzirsən,
Kəlbəcəri hardan alım?!

Sücaətəm, döndüm aha,
Ümid qalıb bir Allaha.
Dəli könül sorma daha,
O günləri hardan alım?!

Mən yaxşı bilirəm...

Mən yaxşı bilirəm qaçqınlıq nədir,
Mən yaxşı bilirəm "köç" nə deməkdir.
Doğma qardaşın da himayəsinə,
Sığınıb yaşamaq "heç nə" deməkdir.

Saxla qürurunu, get özün yaşa!
Çox da bel bağlama dosta, qardaşa.
Mən yaxşı bilirəm dildə "Düz başa -
Buyur" nə deməkdir, "keç" nə deməkdir.

İnsan göz dikibdi insan ətinə,
Dövran acıyarmı Sücaətinə?!
Mən yaxşı bilirəm: "Düşsən çətinə-
Utanma,yanıma qaç” - nə deməkdir.

Görən

Yenə əvvəlki tək bahar gələndə,
Bənövşə yollara çıxırmı görən?
Yenə sürünürmü duman dağlara,
Yenə ildırımlar çaxırmı görən?

Darıxma, tələsmə canım, yavaş keç,
Yüz rəng var, hansını seçirsənsə seç,
Yenə göyqurşağı nazlanırmı heç,
Yenə gözlərini sıxırmı görən?

Könlümdə həsrətdən qurulub saray,
Belə də ayrılıq olar, ay haray,
Millinin üstündən bədirlənmiş ay,
Bizim aynəbəndə baxırmı görən?

Soyuyan ocaqlar, sönən ocaqlar,
Bir buz parçasına dönən ocaqlar,
İndi yuxularda yanan ocaqlar,
Hamını yandırıb, yaxırmı görən?

Vətənin dərdini, çölün dərdini,
Çiçəyin dərdini, gülün dərdini,
Bu qaçqın, didərgin elin dərdini,
Satqınlar gözünə soxurmu görən?

Orda qaldı eyş-işrət də, nəşə də,
Qəlbim kimi ciliklənməz şüşə də,
Şapıların üstündəki meşədə,
Sücaət bulağı axırmı görən?

# 26651 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #