Əməkdar artist Fərqanə Qasımova Fransanın paytaxtı Parisdə yerləşən “Alliance Francaise” teatrında konsert verib.
Bu barədə Kulis.az-a məlumat verən Əməkdar artist öz təəssüratlarını bölüşüb. Anşlaqla keçən konsertdə Azərbaycan xalq mahnılarını, muğamlarımızı ifa edən sənətçi həmçinin konsertin yadda qalan məqamlarından danışıb: “Nəvanı səsləndirdiyim zaman tamaşaçıların göstərdiyi maraq məni heyrətə gətirdi. Bizi 4 dəfə alqışla səhnəyə qaytardılar. Uçmağa qadanım olmadı” deyə, xanəndə təəssüratlarını bölüşüb.
Xatırladaq ki, "Nəva" Azərbaycan muğamları içərisində unudulmuş muğam dəsgahı hesab edilir. Belə ki, bu muğam uzun illərdir ifa edilmirdi. Xanəndə 2015-ci ildə sözügedən muğama müraciət edərkən onu yenidən yada salıb.
Onu da qeyd edək ki, F.Qasımovanın səfəri davam edir. O, 11 dekabr tarixində Brest şəhərində master klass keçəcək. Burada təxminən 12 xarici ölkədən musiqiçi və tələbələr iştirak edəcək. 12 dekabr isə elə həmin şəhərdə 2 saatlıq konsert proqramı ilə çıxış edəcək. Sənətçini Rauf İslamov, Zəki Vəliyev və Cavidan Nəbiyev müşayiət edirlər.