Ötən gün çin əsilli fransız rəssamı Çju Detsunun (1920-2014) rəsm əsəri Honkonqda 30 milyon dollara satılıb.
Kulis.az TASS-a istinadla xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evinin təşkilatçıları məlumat yayıb.
Hərrac evinin saytında bildirilib ki, əsər 29,54 milyon dollara qiymətləndirilib. Bu məbləğ kətan üzərində çəkilən rəsmin təxmin edilən dəyərindən iki dəfə çoxdur.
Söhbət 1986-cı ildə abstrakt tərzdə yağlı boya ilə işlənmiş “Qış Harmonyası” adlanan əsərdən gedir. Alıcının adı açıqlanmayıb.
Sözügedən hərracda Fransada yaşamış Çinin digər məşhur abstraksionizm ustası Çjao Utzinin fırçasının məhsulu olan bir əsəri 20,9 milyon dollara satılıb. Qırmızı və ağ rənglərlə işlənmiş “13.02.62” adlı əsər ilkin dəyərlənməyə görə ən bahalı rəngkarlıq nümunəsi hesab olunurdu. Ancaq bu rəsm nə qədər bahalı sayılsa da hərracın liderinə çevrilə bilməyib.