Estoniyada Zəfər bayramımız qeyd olundu

Estoniyada Zəfər bayramımız qeyd olundu
28 dekabr 2020
# 10:30

Dekabrın 27-də Estoniyanın paytaxtı Tallində Azərbaycan və Belarus cəmiyyətlərinin birgə əməkdaşlığı ilə Azərbaycan xalqının Zəfər bayramına və Həmrəylik Gününə həsr edilmiş “Dostluq və Həmrəylik konserti” təşkil edilib.
Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycan və Belarus respublikalarının Estoniyadakı səfirliklərinin, Estoniya Mədəniyyət Nazirliyinin, İnteqrasiya Fondunun rəsmiləri, milli azlıqların nümayəndələri və bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Estoniyanın dünyaca məşhur və istedadlı musiqiçilərinin iştirakı ilə reallaşan konsert iki saatdan çox davam edib. Səhnəni Estoniya Opera və Balet Teatrının solisti Olqa Zaitseva, dünyanın bir sıra məşhur səhnələrində çıxış edən və fəxri təqaüdlərə layiq görülən gənc eston musiqiçisi, Stokholm Royal Opera və Balet Teatrının solisti Dara Savinova və piano ifaçısı Aleksandr Jankevits bölüşüblər.
Dara Savinova Dünya Azərbaycanlılarının Həmrəylik Gününə hədiyyə olaraq Azərbaycan dilində də musiqi ifa edib.
Tədbirdə Azərbaycanın tarixi ərazilərinin işğaldan azad edilməsi ilə bağlı təbrik çıxışları, Azərbaycan və Belarus cəmiyyətlərinin birlik və həmrəylik çağırışları səsləndirilib. Xatırladaq ki, Estoniyadakı Azərbaycan Evi bir müddət əvvəl Azərbaycan və ona dost olan xalqlarla əlaqələrin daha da möhkəmlənməsi istiqamətində çağırış edərək dostluq və həmrəylik tədbirlərini ənənəvi olaraq Estoniyada digər cəmiyyətlərlə birgə həyata keçirməyə başlayıb.
Sonda iştirakçılara və qonaqlara Azərbaycan Evi tərəfindən hədiyyələr təqdim edilib.

# 1409 dəfə oxunub

Müəllifin son yazıları

# # #