Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası

Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası
24 noyabr 2020
# 17:05

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində növbəti material Əsgəran qalasına həsr olunub.

Azərbaycan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir. Qalanın tikilməsi Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub. Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda, Qarqarçayın sağ və sol sahillərindəki dağ döşündə yerləşir. 1992-ci ildə Xocalı şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalıb.

Bir neçə il öncə Ermənistan Əsgəran qalasında qanunsuz “bərpa-tikinti” işlərinə başlayıb. İnternet resurslarında yayılan görüntülərdə “bərpa-tikinti” işləri qalanın simasını tamamilə dəyişməyə hesablanıb. Tarixi tikilinin memarlıq üslubu dəyişdirilib, tikinti aparılan ərazidə dərin çalalar əmələ gəlib. Ermənistan Əsgəran qalasını özünküləşdirmək məqsədilə tarixi abidənin görkəminə ciddi zərər vurub.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

# 2086 dəfə oxunub

Müəllifin son yazıları

# # #