Ədəbiyyat üzrə 2021-ci il Nobel mükafatçısı Abdulrazak Gurnahın Nobel Fondunun rəsmi saytına müsahibəsi yayımlanıb.
Kulis.az rus mediasına istinadən xəbər verir ki, müsahibədə yazıçı əsasən mühacirlərin çətin taleyindən bəhs edib.
Yazıçının sözlərinə görə, yaşamaq üçün başqa ölkələrə köçən insanlar bunun əvəzində istedadları, enerjiləri ilə həmin ölkələrə də nə isə qazandırırlar. Onlar bu yerlərə əliboş getmirlər. Burada əsas məsələ bu köçlərə fərqli şəkildə yanaşmadır.
Bundan başqa yazıçı Nobel mükafatını alması ilə bağlı fikirlərini də bölüşərək bildirib ki, Nobel mükafatını qazanması barədə ona zəng gələndə, nə baş verdiyini anlamayıb, elə bilib ki, onunla zarafat edirlər:
"Adətən belə şeylər həftələrlə, aylarla davam edir. Nobel üçün müraciət edən adlar tez-tez hallanır. Bu baxımdan mən özüm də düşünürdüm ki, görəsən, bu il Nobel mükafatını kim alacaq”.
Gurnah yaradıcılıq prosesi barədə də danışaraq bunları deyib:
"İşimi başa vuranda, sevinc hiss edirəm. Bu proses artıq on illiklər boyu davam edir. Yazmağa, yaradıcılığa nifrət etsəniz, heç nə alınmaz. Hər şey sevgi ilə baş verməlidi”.