Xəbər verdiyimiz kimi tanınmış şair Çingiz Əlioğlu qadın yazarlardan ciddi imza görmədiyini dilə gətirib. Azərbaycanda ciddi imzası olan qadın yazıçı yoxdur - deyə fikirlər səsləndirib. Kulis.az mövzu ilə bağlı xanım yazarların münasibətini öyrənib. Cavabları təqdim edirik.
İradə Tuncay
- Hamıya münasibətim normaldır. Deyib, deməli elə fikirləşir.
Mehriban Vəzir
- Azərbaycan ziyalısının - içi ədiblər qarışıq Azərbaycanı bilmək problemi var. Ölkəni tanımırlar. Öz vətənlərinin tarixini və ədəbiyyatını yetərincə bilmirlər.
Narıngül Nadir
- Çingiz Əlioğlu yəqin ki, qadın yazarların nəsrini oxumayıb. Bizdə şairlər adətən yalnız şeir oxumaqla kifayətlənirlər. Elə tənqidçilər də daha asan yolu, şeiri təhlil etməyi xoşlayırlar. Şeir haqqında heç nə demirəm, amma nəsrdə kifayət qədər istedadlı qadın yazarlar var. Bəzilərinin adlarını da çəkə bilərəm: Təranə Vahid, Ülviyyə Heydərova, Yeganə Kərimzadə, Ülviyyə Tahir, İlhamə Nasir, Vüsalə Məmmədova, Sahilə İbrahimova. Kəmalə Səlim.
Sadəcə olaraq oxumaq lazımdır. Mən inanmıram ki, Çingiz müəllim Təranə Vahidin “İntihar” hekayəsini oxuyub bəyənməsin. Roman yükündə olan bir hekayədir. Oxumağı tövsiyə edərdim.
Bu yaxınlarda nəsr kitabım çıxacaq, ilk olaraq oxumaq üçün Çingiz müəllimə təqdim edəcəm.
Cavi Dan
- Ciddi fikir deyil.
Sahilə İbrahimova
- Müsahibəyə ötəri baxdım, maraqlı gəlmədi deyə bağladım. Konkret o hissəni oxumamışam. Konkret bir adam haqqında da danışmağı sevmirəm. Yanaşmamı ümumiləşdirim. Ümumiyyətlə, mən ancaq öz dostuna, yoldaşına, ön söz yazdığı adama yaxşı deyib, başqalarına pis deyən adamları ciddiyə almıram.
Aysel Əlizadə
- Çingiz Əlioğlunu tanımıram. O kimdir?
Rəbiqə Nazimqızı
- Normal yanaşıram. Çingiz müəllimi çox istəyirəm, deyibsə, deməli, görməyib, oxumayıb, rastına çıxmayıb və ya bəyənməyib. Bir cümləyə görə Çingiz müəllimi topa tutası deyilik ki...
Fəridə Məmmədova
- Çingiz bəydən sadəcə soruşun görüm, Fəridə Məmmədova adlı yazıçı xanımı tanıyır? Nə oxumusunuz ondan ki, qeyri-ciddi hesab edirsiniz?!