Bir daha demərəm tamarzıyam mən – Günün şeiri

Bir daha demərəm tamarzıyam mən – Günün şeiri
20 noyabr 2020
# 09:57

Kulis.az Ağdam şəhərinin işğaldan azad edilməsi münasibəti ilə əslən Ağdamdan olan tanınmış şair Famil Mehdinin Qarabağa həsr etdiyi şeiri təqdim edir.

Min hava çalınıb könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər görüşür duyğularımda,
Elin həm qışıyam, həm yazıyam mən.

Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən.

Dinlə "Çahargah"ı, eşit "Qatar"ı,
Könül dünyamızın sərvəti, varı.
Ələsgərin sazı, Qurbanın tarı,
Cabbarın, Seyidin avazıyam mən.

Öz tarixi vardır dağda qarın da,
Ürəkdə eşqin də, etibarın da,
Qədim Qobustanın qayalarında
Pozulmaz, silinməz bir yazıyam mən.

Familəm, həmişə yanmaqdır peşəm,
Can deyən gözələ canan demişəm.
Bu yolda sevinc də, qəm də yemişəm.
Bir daha demərəm tamarzıyam mən.

# 2359 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #