Azərbaycanlı pianoçu Berlində konsert verdi

Azərbaycanlı pianoçu Berlində konsert verdi
14 sentyabr 2020
# 10:40

Berlində Kulturstiftung Schloss Britz sarayında 24 yaşlı azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin konserti keçirilib.

Kulis.az xəbər verir ki, bu, gənc pianoçunun üçüncü solo konserti idi.

Qeyd edək ki, konsert Berlində pandemiya dövründə tamaşaçıların iştirakı ilə keçirilən ilk solo konsert olub. Doxsan dəqiqəlik proqramı pianoçu fasiləsiz ifa edib.

Böyük uğurla keçən konsertdə səfirliyimizin əməkdaşları və diasporumuzun nümayəndələri də iştirak ediblər.

Nərmin Nəcəfli Azərbaycanı xaricdə 8 yaşından təmsil edir. İndiyə qədər ABŞ, Almaniya, Belçika, İngiltərə, İtaliya, Fransa, Polşa, İsveçrə, Hollandiya, Estoniya, Litva, Rusiya və Gürcüstanda keçirilən beynəlxalq müsabiqə və festivallarda, konsertlərdə ölkəmizi uğurla təmsil edib.

"Mən hər dəfə xarici ölkə səhnəsində Azərbaycanı təmsil etməkdən qürur duyuram. Çünki mənim ən böyük arzum Azərbaycanı dünya miqyasında şərəflə təmsil etməkdir”, - deyə gənc ifaçı bildirib./azertag.az/

# 1720 dəfə oxunub

Müəllifin son yazıları

# # #