"Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində" adlı XIII Beynəlxalq elmi konfrans keçirilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, konfransda çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov bildirib ki, hazırda regionda yeni mərhələ başlayıb və erməni alimləri ilə elmi əməkdaşlıq üçün imkanlar yaranıb.
Gəncəsər monastırındakı Alban irsi ilə bağlı araşdırmalara da toxunan Fuad Axundov bildirib ki, kitabədəki yazıya əsasən, həmin abidə 1240-cı ildə Alban katolikosunun dövründə inşa edilib.
O, erməni alimlərini məsələyə konstruktiv yanaşmağa və kitabədəki yazını yerində araşdırmağa çağırıb: "Erməni alimlərinə müraciət edirəm ki, konstruktiv işləməyin vaxtı çatıb. Gəlin, baxın, kitabədə Alban katolikosu yazılıb. Orada belə bir yazının olmadığını iddia edən yalanların qarşısını almaq lazımdır".
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək: “Qafqaz Albaniyasının tarixi əraziləri, onların müasir dövrdə hansı ölkəyə aid olması və tarixi abidələrin mənsubiyyəti ilə bağlı müxtəlif ölkələr arasında ciddi fikir ayrılıqları mövcuddur. Qafqaz Albaniyası məsələsi həm Azərbaycan, həm də dünya tarixşünaslığı üçün böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə müxtəlif tədqiqatlar aparılsa da, hələ də araşdırılmasına ehtiyac duyulan mühüm məsələlər mövcuddur. Əminəm ki, bu il fəaliyyətimiz daha da genişlənəcək. Antropoloji və etnoqrafik ekspedisiyaların təşkili istiqamətində mühüm addımlar atılacaq və bu fəaliyyət ilk dəfə praktik olaraq həyata keçiriləcək. Alman müəlliflərinin bir sıra əsərləri ermənilər tərəfindən tərcümə edilərək beynəlxalq ictimaiyyətə təqdim olunur. Bu nəşrlər vasitəsilə həqiqətə uyğun olmayan tezislər də dünya ictimaiyyətinə çatdırılır. Bu baxımdan alman müəlliflərinin əsərlərinin orijinal mətnlərinin müəyyənləşdirilməsi, əldə olunması və Azərbaycan dilinə dəqiq tərcümə edilməsi mühüm əhəmiyyət daşıyır. AMEA bu istiqamətdə müvafiq təşəbbüslə çıxış edəcək”.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov deyib ki, Qafqaz Albaniyasının tarixi beynəlxalq aləmdə, xüsusilə xarici tarixşünaslıqda ciddi şəkildə təhrif olunur: “Bu təhriflərin qarşısının alınması məqsədilə Azərbaycanda mütəmadi olaraq beynəlxalq elmi konfranslar təşkil edilir. Qafqaz Albaniyasının tarixi Azərbaycan dövlətçilik tarixində mühüm yer tutur. Qafqaz Albaniyası tarixinin araşdırılması Azərbaycan tarixşünaslığının əsas elmi istiqamətlərindəndir".
Kərim Şükürov alban əlifbasının oxunması istiqamətində də mühüm elmi işlərin aparıldığını, bu sahədə yeni nəşrlərin hazırlandığını qeyd edib: "İnstitutda Qafqaz Albaniyasının dili və əlifbası ilə bağlı araşdırmalar davam etdirilir".
Azərbaycan Dillər Universitetinin Azərbaycanşünaslıq və Multikulturalizm Mərkəzinin direktoru Rəvan Həsənov deyib ki, Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətçilik tarixinin, eyni zamanda Cənubi Qafqazın dini və mədəni inkişaf tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Alban kilsəsinin təşəkkülü, dini memarlıq ənənələri və yazı mədəniyyəti göstərir ki, bu coğrafiyada baş verən prosesləri yalnız bir xalqın və ya bir dini mərkəzin tarixi çərçivəsində izah etmək mümkün deyil. Burada müxtəlif siyasi, dini və mədəni təsirlər qarşılıqlı əlaqədə olmuşdur. Azərbaycan albanşünaslığının mühüm vəzifələrindən biri Qafqaz Albaniyasını öz tarixi dövrünün siyasi və dini reallıqları daxilində öyrənməkdir. Müasir milli və konfessional anlayışları qədim və erkən orta əsrlərə mexaniki şəkildə tətbiq etmək ciddi metodoloji səhvlərə gətirib çıxara bilər. Bir abidənin sonrakı əsrlərdə hansı dini icma tərəfindən istifadə edilməsi onun ilkin mənşəyi haqqında bütün sualları avtomatik cavablandırmır. Eyni zamanda, ilkin mənşəyin müəyyənləşdirilməsi də abidənin sonrakı tarixinin inkar edilməsinə əsas vermir. Kəlbəcərdəki Xudavəng (Dadivank), Ağdərədəki Gəncəsər və Şəkidəki Kiş məbədi kimi abidələr üzrə ilkin tikinti, sonrakı yenidənqurma və kitabələrin tarixləri ayrıca araşdırılmalıdır. Məsələn, Gəncəsərin XIII əsrə aid əsas kilsəsi və Həsən Cəlalın himayədarlığı haqqında məlumatlar həmin dövrün siyasi və konfessional mühitindən ayrılıqda qiymətləndirilə bilməz. Azərbaycan tarixşünaslığında bu abidələrin Alban kilsəsi ilə əlaqəsinə xüsusi diqqət yetirilir. Beynəlxalq ədəbiyyatda isə fərqli təsnifatlar mövcuddur. Bu fikir ayrılığını həll etməyin yolu kitabələrin orijinal dildə nəşri, arxiv fotoşəkillərinin müqayisəsi və tikinti mərhələlərinin elmi tarixləndirilməsidir. Bu kontekstdə Qarabağ və Şərqi Zəngəzurdakı xristian abidələrinin tədqiqi xüsusi aktuallıq daşıyır. Hər bir obyekt üzrə mövcud arxiv sənədlərinin, əvvəlki fotoşəkillərin, memarlıq ölçülərinin və sahə tədqiqatlarının vahid sistemdə toplanması vacibdir. Belə bir baza gələcəkdə həm elmi mübahisələrdə, həm də bərpa işlərində etibarlı istinad mənbəyi ola bilər. Azərbaycan alimlərinin mövqeyini beynəlxalq elmi mühitə çatdırmaq üçün yalnız öz auditoriyamız daxilində müzakirələr aparmaq kifayət deyil. Nəticələrimizi xarici dillərdə nəşr etməli, ilkin mənbələri əlçatan etməli və fərqli elmi yanaşmaların açıq müzakirəsinə şərait yaratmalıyıq. Bu istiqamətdə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu, hazırkı Tarix və Etnologiya İnstitutu ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin uzun illər ərzində formalaşdırdığı əməkdaşlığı xüsusi qeyd etmək istəyirəm. Bu əməkdaşlıq tarixçilərin, dinşünasların, memarlıq mütəxəssislərinin və xarici tədqiqatçıların bir araya gəlməsi üçün mühüm elmi platforma yaradıb”.
O qeyd edib ki, müasir albanşünaslığın qarşısında bir neçə praktiki vəzifələr dayanır: “Birincisi, Qafqaz Albaniyasına aid abidələrin vahid rəqəmsal elmi inventarının yaradılmasıdır. Burada hər bir abidənin fotoşəkilləri, memarlıq təsviri, kitabələri, tədqiqat və konservasiya tarixçəsi, eləcə də mövcud elmi mübahisələr haqqında məlumat yerləşdirilə bilər. Məlumatların hansı mənbədən götürüldüyü və hansı hissəsinin hələ dəqiqləşdirilmədiyi aydın göstərilməlidir. İkincisi, epiqrafik materialların yüksək dəqiqliklə sənədləşdirilməsi və ilkin mənbələrin tənqidi nəşridir. Üçölçülü modelləşdirmə və yüksək keyfiyyətli fotoqrafiya kimi müasir texnologiyalar kitabələrin və memarlıq detallarının gələcək tədqiqatlar üçün saxlanılmasına imkan verir. Lakin texnologiya elmi ekspertizanı əvəz etmir, onun imkanlarını genişləndirir. Üçüncüsü, AMEA ilə multikulturalizm sahəsində fəaliyyət göstərən müvafiq institutların əməkdaşlığı əsasında daimi fənlərarası ekspert platformasının formalaşdırılmasıdır. Tarixçilərlə yanaşı, arxeoloqların, dilçilərin, memarların, konservasiya mütəxəssislərinin və hüquqşünasların iştirakı burada mühüm rol oynaya bilər. Xarici mütəxəssislərin iştirakı və nəticələrin açıq elmi ekspertizası isə tədqiqatların beynəlxalq etibarlılığını gücləndirər. Nəhayət, gənc tədqiqatçıların hazırlanmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan albanşünaslığının gələcəyi yalnız mövcud elmi irsin qorunmasından deyil, yeni nəsil alimlərin qədim dilləri, mənbəşünaslığı və müasir tədqiqat metodlarını mənimsəməsindən də asılıdır”.
Qeyd edək ki, konfransın məqsədi elmi tədqiqatların gələcək inkişafına, yeni mənbələrin elmi dövriyyəyə daxil edilməsinə, tarixi-mədəni irsin qorunmasına və professor Fəridə Məmmədovanın mühüm töhfə verdiyi elmi ənənənin davam etdirilməsinə dəstək olmaqdır.