Biz nə vaxt “yaşadım” deyə bilirik? - Şamil Paşayev

Biz nə vaxt “yaşadım” deyə bilirik? - Şamil Paşayev
27 noyabr 2026
# 15:00

Kulis.az Şamil Paşayevin "“Yaşadım” deyə bilmən üçün" adlı yeni yazısını təqdim edir.

Nazim Hikmətin “Yaşamaya dair” şeirində yetmiş yaşında da zeytun ağacı əkməkdən söz açılır. Nəvələrə yadigar qalsın deyə də yox. Adam öləcəyini bilir, ölümdən qorxur da, amma tərəzinin o biri gözündə həyat ağır gəlir. Mənə görə, şeirin ən gözəl yeri elə buradadır. Adam ölümsüzlüyün sirrini tapmayıb. Sadəcə, ağacın barını görməyə ömrü çatmaya bilər, yenə də bu gün onu əkməyə dəyər görür.

Bəs biz nə vaxt “yaşadım” deyə bilirik?

Ürəyimiz istəyən hər şeyi edəndəmi?

Yoxsa günlərin birində bütün o istəklərdən vaz keçəcək qədər iradəli olduğumuzu özümüzə sübut edəndə?

Məncə, bu iki cavabın arasında çox vaxt unutduğumuz bir nəsnə var: aydınlıq.

İnsan bəzən bir arzunun dalınca qaçmağa ömrünün yarısını sərf edir, amma o arzunun nə vaxt, kimin təsiri ilə öz arzusuna çevrildiyini anlamağa beş dəqiqə ayırmır.

Hətta filosof da bu tələyə düşür.

Deni Didro köhnə xalatının ətəyinə qələminin mürəkkəbini silərmiş. Təzə, al-qırmızı xalatı gələndən sonra isə onu ləkələməyə əli gəlmir. Az keçməmiş dünənəcən üstündə rahat oturduğu həsir stul da gözünə kasıb görünür. Stulun yerini dəri kreslo tutur. Otaqda bir əşya dəyişdikcə o birini də dəyişmək lazım gəlir. Didro axırda öz halına gülür. Köhnə xalatının ağası imiş, təzəsinin köləsi olub.

Didro effekti ilə hedonizmin yolu elə o otaqda kəsişir. Birinci əşyanı xoşuna gəldiyi üçün alırsan. İkincini alanda isə birincinin səndə yaratdığı narazılığı aradan qaldırırsan. Axı dünənə qədər o stulda oturub rahatca kitab oxuyurdun. Bu gün kitabın ortasında fikrin stulda qalır. Adamın əynindəki xalat dəyişəndə oturduğu stulun nə günahı var?

Amma buradan həzzin özünü müttəhim kürsüsünə çıxarmağa da tələsməzdim. Çünki anlamağın özündə də bir həzz var.

Con Stüart Mill iki həzzin dəyəri haqqında danışanda hər ikisini dadmış adamın seçiminə əhəmiyyət verirdi. Onun məşhur müqayisəsində özündən razı donuz da var, narazı Sokrat da. Mən bu fikri bir az sərbəst ifadə edərdim. Palçıqda eşələnən donuzlar kitab oxumağın, bir fikri anlamağın, aydınlığa çıxmağın həzzini duya bilsəydilər, bəlkə də kitabdan əl çəkməzdilər.

İnsan da dadına baxmadığı bir həzz haqqında necə asanlıqla hökm verir. Maddi həzz və mənəvi həzz… İkisi də həzzdir, amma necə?!

Sonra bir gün hansısa kitabda bir cümləyə rast gəlirsən. İllərdir içində gəzdirdiyin, amma adını qoya bilmədiyin bir fikri kimsə səndən yüz il əvvəl yazıb.

“Yaxşı sözləri bizdən qabaq deyənlərə lənət olsun!” (Səhv etmirəmsə, Taleyran deyib.) Sonra özünə gülürsən. Deyəsən, bu lənəti də bizdən qabaq deyiblər. Kitabı dizinin üstünə qoyub bir az oturursan. O bir neçə dəqiqənin də öz ləzzəti var. Bir az əvvəl öz həyatında sənə qaranlıq qalan bir yeri indi görə bilirsən.

Bəs mən niyə asketizmə bir az artıq dəyər verirəm? Çünki insan hər həzzin dalınca getdikcə bəzən özünü çox şeydən məhrum edir. Hər məclisə gedib, hər dəvəti qəbul edib, hər mübahisədə son sözü deyib. Axşam evə qayıdanda da çoxdan yazmaq istədiyi o bir səhifəyə heyfi gəlir. Qəribədir, adam bütün günü ürəyi istəyəni edib, bəs o səhifəni yazmaq kimin ürəyindən keçirdi?

Asketizmdə mənə doğma gələn bir gözəllik var. Adamın bir şeyə həm gücü çatır, həm də ürəyindən keçir, amma ondan könüllü əl çəkir. Bəzən daha çox qazanmaq imkanından keçir ki, güzgüdə özünə şux, məğrur baxa bilsin. Və ya oğlunun böyüdüyü illəri görə bilsin. Bəzən bir vəzifədən keçir, çünki orada qalmaq üçün hər səhər inanmadığı bir fikri müdafiə etməli olacaq. Nitşenin “Zərdüşt belə deyirdi” əsərində Zərdüşt ucalmaq istəyən adama öz ayaqları ilə qalxmağı məsləhət görür. Zirvəyə at belində də çata bilərsən. Di gəl, orada atdan enəndə ayağın büdrəyə bilər.

Bəzən də dəri kreslonu almağa pulun çata-çata köhnə stulunda oturub kitabına davam edirsən. Kənardan baxan adam çox vaxt sənin nədən keçdiyini görür. Əldən verdiyin qazancı da qəpiyinə qədər hesablaya bilər. Bəs güzgüyə şux baxmağın qiymətini necə hesablasın? Ya oğlunun, sevgilinin söhbət əsnasında ilk dəfə sənə açdığı bir fikrin?

Bir də elə həzlər var ki, əvəzini öz ləyaqətinlə ödəyirsən. Tutaq ki, düz bildiyini deməyib məclisin eşitmək istədiyini söylədin. Alqışladılar. O alqışın adama xoş gələcəyini də boynumuza alaq. Yoxsa ondan keçməyin nə çətinliyi var? Məncə, aydın adam hələ sözünü deməmişdən qabaq o alqışın qiymətini bilən adamdır. Ləyaqətsiz həzzi rədd etmək də aydına yaraşır.

Nazimin yetmiş yaşlı adamına qayıdıram. Zeytun ağacına çatmamış şeirdə bir fikir də var. Nazim həyatı elə ciddiyə almaqdan danışır ki, heç kim səni məcbur etmədiyi halda üzünü belə görmədiyin insanlar üçün canından keçməyi gözə alasan. Mən o misranı oxuyanda daha sadə bir sual gəlir ağlıma. Üzünü belə görmədiyim adamlar üçün yaşadığım ömrün içində nə etmişəm?

Arada o yarımçıq səhifəni düşünürəm. Bəlkə, onu yazıb bitirsən, illər sonra tanımadığın bir adam oxuyacaq. Bayaq sən kitabı dizinin üstünə qoyub necə dayanmışdınsa, o da sənin bir cümlənin üstündə eləcə dayanacaq. Sən onun üzünü görməyəcəksən. Heç sənə minnətdar olduğunu da bilməyəcəksən. Amma o gün vaxt ayırıb yazdığın bir səhifə kiminsə öz həyatında qaranlıq qalan bir yeri görməsinə kömək edəcək. Məncə, aydın olmağın bir məsuliyyəti də budur. Özünə aydın olanı elə deyə biləsən ki, başqasına da faydası dəysin.

Sevdiyin adamla keçirdiyin günün, qazandığın pulun, zəhmətinlə tutduğun vəzifənin ömründə öz yeri var. Bir də sənin ömründən heç tanımadığın adamlara düşən pay var. Nazimin zeytun ağacında mən o payı da görürəm. Adam bu gün torpağı qazır. İllər sonra yoldan keçən biri həmin ağacın kölgəsində oturub dincələcək. Bəlkə, heç ağlına da gəlməyəcək ki, görəsən, bunu kim əkib. Həmin günün dəyərini ağacın neçə kilo zeytun gətirdiyi ilə ölçsək, o kölgəni kimin hesabına yazaq?

Bəlkə, “yaşadım” deyə bilmək üçün fərd həm həzz almağı, həm də vaz keçməyi bacarmalıdır. Amma mən o köhnə cümləmdə bu gün də bir sözü qabağa çəkərdim. Aydınlığı. İnsan heç olmasa öz ömründə bilməlidir ki, hansı gün təzə xalatının xətrinə stulunu dəyişib, hansı gün isə barını kimin yeyəcəyini soruşmadan zeytun əkib.

# 47 dəfə oxunub

Oxşar xəbərlər

Trampdan yeni Ceyms Bondla bağlı açıqlama

Trampdan yeni Ceyms Bondla bağlı açıqlama

13:44 27 noyabr 2026
Türkiyəli məşhurlar narkotik testi verəcəklər - 5 il ərzində

Türkiyəli məşhurlar narkotik testi verəcəklər - 5 il ərzində

13:22 27 noyabr 2026
"Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində" adlı konfrans keçirildi

"Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində" adlı konfrans keçirildi

12:48 27 noyabr 2026
17 yaşında ilk elmi kitabını yazdı, 26 yaşında Britaniya Akademiyasına üzv seçildi – Mirzə Kazım bəy niyə xristianlığı qəbul etmişdi?

17 yaşında ilk elmi kitabını yazdı, 26 yaşında Britaniya Akademiyasına üzv seçildi – Mirzə Kazım bəy niyə xristianlığı qəbul etmişdi?

12:00 27 noyabr 2026
Tanınmış müğənni Virciniya Vulfun məşhur essesi əsasında mahnı yazdı

Tanınmış müğənni Virciniya Vulfun məşhur essesi əsasında mahnı yazdı

11:48 27 noyabr 2026
Daşqın Eldarın “Yeddi 100 otuz iki”  romanı çap olundu

Daşqın Eldarın “Yeddi 100 otuz iki” romanı çap olundu

11:23 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər