Ayrılıq qıvrılır canımda - Ələddin Əzimlidən şeirlər

Ayrılıq qıvrılır canımda - Ələddin Əzimlidən şeirlər
26 iyul 2021
# 18:22

Kulis.az Ələddin Əzimlinin yeni şeirlərini təqdim edir.

O ağaclara

Pəncərəmi
səssiz-səssiz döyən
bir sözün nurunda, işığında
yazdım bu sətirləri.
Olmadı
Allahdan, qəlbimdən, qələmimdən başqa
bundan kimsənin xəbəri.
İki alça ağacı vardı burda
bax, bu pəncərənin önündə.
Söykənmişdi budaqları
bu döyülən şüşəyə.
Bir dəfə demişəm,
deyirdilər, atam əkibmiş bu ağacları
mən dünyaya gələndə.
Onu da söyləmişəm,
nədənsə,
qurudu o ağaclar.
Bir gün kəsdilər onları.
Ağ çiçəklərilə bu ağaclar
apardı ömrümdən biryolluq baharı.
Ömrün payızında,
yağışlı-yağmurlu bir gündə,
bəlkə,
pəncərəmi səssiz-səmirsiz döyən
bu ağacların ruhudur
duyğularımın hədəfi,
bu sətirlərin müəllifi...


Bağlı qapıya

Bu qapı
yenə də açılmadı üzümə.
Bəlkə,
bu qapının o üzündə
sən yoxsan daha.
Qoşulub
bir qərib xəyala
getmisən
getdikcə uzaqlara.
Belədirsə,
bu qapının zəngini
boş-boşuna çalmağın,
önündə dayanmağın
mənası nə.
Axı ,
hardan biləydim
sən beləsən.
Meh olanda oynayan,
olmayanda süstləşən,
gah gözə görünən,
gah da,
minlərlə həmcinsinin içində
gizlənən, itən
yarpaq kimisən.
İndi-indi duyuram
sənin olacağın bu,
sorğuma cavabın bu.
Daha bəsdir,
çəkilirəm bu qapıdan.
Unutma,
mənim sərt üzüm də var,
çətin bir də qayıdam...

O qadına

Axşamdan
bürüyüb otağı
o qadının
məstedici qoxusu.
Bir də,
bu həzin gecənin
qarmaqarışıq yuxusu.
O qadın
gecədən keçmiş
məndən ayrılsa da,
çıxıb getsə də,
açılmır səhər,
uzanır gecə.
Mürgü içindədir
burda nə varsa-
yorğun bədən də.
Sərməstəm, sərxoşam
sanki bu anda.
O qadın
ruhumu aparıb bəlkə,
burdan gedəndə?!...

Oyaq dərdlərə

Bir ağrı
mürgü döyür ürəyimdə.
Bir ağırlıq
duyuram sinəmdə.
Bir ayrılıq
qıvrılır canımda.
Yenə,
yenə mina partlayışi.
Yenə ana fəryadı,
göz yaşı.
Döyür qapıları
şəhid tabutları.
Solur, soluxur
şəhid anaları,
şəhid övladları.
Məzar-məzar
yarılır torpağın bağrı.
Daxilimdə-içimdə
növbə çəkir
nəfəs dərmədən
bir haray,
bir acı, ağrı.
Qəmdən, kədərdən
yuxusu qarışıq,
dərdləri oyaq,
ay ana!
Darıxma,
deyəsən,
üfüqdən boylanan sabaha
az qalır daha...

Bəşər övladına

Bəşər övladı,
Dünyaya fani dediyin nə,
ikiəlli yapışdığın nədir?
Bəlkə,
bunlar hamısı-
dilinə alıb söylədiyin də,
əlinlə ucaltdığın da,
sadəcə,
bir addım atdığın da
aldanış, bəhanədir.
Özün
öz əlinlə
bağlama qapını,
cəhənnəmə döndərmə həyatını.
Gedən gedəcək,
gələn gələcək.
Hər kəs
bir cür anlayacaq bu həqiqəti.
Kimi daimi,
kimi müvəqqəti.
Söylə,
hardan gəldiyini,
hara getdiyini bilirsənmi?
Dediyini,
cavabında eşitdiyini anlayırsanmı?
Bunlardan
dərk etdiyin nə-
varsanmı, yoxsanmı?
Qalacaq,
yoxsa qayıdacaqsanmı?
Bəşər övladı,
nə düşünürsən,
fikrin hardadı?!

525-ci Qəzet - Ələddin Əzimlinin şeirləri

# 5212 dəfə oxunub

Müəllifin son yazıları

# # #