Anar Kərimov Mərakeş səfiri ilə görüşdü

Anar Kərimov Mərakeş səfiri ilə görüşdü
31 mart 2021
# 16:44

Martın 30-da Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş ilə görüşüb.

Mədəniyyət Nazirliyindən Kulis.az-a verilən məlumata görə, səfiri səmimi salamlayan nazir Anar Kərimov Adil Embarşın Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişafından məmnunluğunu ifadə edib. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında mədəni əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu deyən nazir ölkəmizin bu əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Anar Kərimov bunun artıq yaxşı bir ənənəyə çevrildiyini məmnunluqla qeyd edib. İki ölkə arasında imzalanan əməkdaşlıq sənədlərinə toxunan Anar Kərimov mədəniyyət sahəsində münasibətlərin möhkəmləndirilməsinin zəruriliyini və bu zəmində layihə yönümlü fəaliyyətə üstünlük verilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Qəbula görə təşəkkürünü bildirən səfir Adil Embarş da öz növbəsində Mərakeşlə Azərbaycan arasında mədəni əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətindən, mədəniyyət sahəsində əməkdaşlığın önəmindən bəhs edib.

Görüş zamanı nazir A.Kərimov Ermənistanın Azərbaycana və mədəni irsimizə qarşı təcavüzkar siyasətinin ağır nəticələri barədə məlumat verib. Mərakeşin Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə münasibətdə tutduğu ədalətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli mədəni münasibətlərin dərinləşdirilməsi üçün birgə layihələrin reallaşdırılması, mədəniyyət tədbirlərinin təşkili, həmçinin gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

# 1704 dəfə oxunub

Müəllifin son yazıları

# # #