İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” Muzey Mərkəzi Şirvanşahlar sarayında martın 1-dən etibarən hər şənbə günü “Şirvanşah I Xəlilullah” adlı tamaşanın nümayişinə start verib.
İdarədən bildirilib ki, tamaşa növbəti dəfə aprelin 3-də #MuseumFromHome həştəqi altında ilk dəfə onlayn nümayiş olunacaq.
Tamaşa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin tələbələrinin ifasında səhnələşdirilib.
Bu layihədə əsas məqsəd ilk dəfə olaraq teatrı muzeyə gətirməklə tarixi şəxsiyyətləri ziyarətçilərlə məkanında görüşdürmək və sarayın qədim divarları arasında əsrləri qovuşdurmaqdır.
Tamaşanın digər maraqlı cəhəti də ondadır ki, burada obrazlar hərdən öz dövründən çıxaraq müasir dövrümüzə düşür, tamaşaçılarla birbaşa interaktiv ünsiyyətdə olurlar. Bu yolla auditoriyaya canlı tarix dərsi keçir, önəmli mesajlar ötürürlər. /azertag.az/