Filmlərdə qəhrəmanlar niyə ayrılırlar?

Filmlərdə qəhrəmanlar niyə ayrılırlar?
22 iyun 2015
# 16:18

Bir top götürün, divarla öz aranızda paslaşın. Nə hiss edəcəyinizi bilmirəm. Mənə çox əyləncəli gəlirdi bu oyun. Heç vaxt məğlub olmamaq vardı sonunda. Daş, qum, sement tərkibinə qarşı açdığım bu oyunu uzun zamandan sonra yorulub özüm saxlayardım. Divar da fikrimə hörmət edərdi deyəsən. Mənsiz heç vaxt topla oynadığını görməzdim.

Yalnızların ağlına gələn ilk fikir getmək olur. Niyə bilirsənmi? Vaxtın bol olmasından xatirələrdən qurtulmaq üçün deyil. Sən də bunu fikirləşdin elə deyil? Elə olsaydı mən indi öz divarıma qısılmazdım. Ona görə ki, hər yerə öz tənhalığını yaymaq, hər yerdə tənha olduğunu, yalnız olduğunu çatdırmaq istəyərsən. Əminəm statistika komitəsinin səlahiyyətlisi yanımda olsaydı sözümü burda kəsərdi və səyahət edənlərin içərisində tənhaların faizin nisbətini söyləyərdi. Çaşıb qalardıq, vallah. Düşünsənə, niyə filmlərdə qəhrəmanlar daha çox ayrılıq yaşadıqlarında ölkəni tərk edirlər? Çünki sponsorlardan biri turizm şirkətidi. Bir romanda ölkədən çıxaraq, ayrılığına qalib gəlməyə çalışan qəhrəmana rast gəldinizmi? Niyəmi? Nə üçünmü? Sponsoru yoxdu ona görə.

Bir də getməyin başqa seçimi var. İntihar.

İntihar niyə olmaz? Günah olduğu üçün? Səndəmi elə düşündün? Qətiyyən, yalnız bu deyil, digər bir səbəb daha var. Düşünün bir insan 30 yaşına çatınca intihar etmək istəsin. Yaxşı, etsin. Amma bu yaşacan neçə litr su içdi, neçə ton çörək yedi və nə qədər oksigen sərf etdi. Kimsə bu qədər ziyan vurduqdan sonra o biri dünyaya əlini qolunu sallayaraq gedə bilməz axı.

“Haradasan?” - deyə yazmışdın təkrar geri dönüşündə. O zaman üstümdə bomba gəzdirən adam kimiydim. Saatı səni düşünmədiyimdə sıfırlanacaq və partlayacaq həssaslıq vardı içimdə. Eyni Hollywood filmlərindəki güldüyümüz bomba partlaması epizodları kimi. Tam bu anda geri döndün, çıxarıb atmadın partlayıcını, sadəcə vaxtını uzatdın və yenə çıxıb getdin.

İndi nəyi düşünürəm, bilirsənmi? Nə vaxt dönəcəyinimi? Səndəmi elə fikirləşirdin. Onu deyil, gedərkən gözlərin hansı rəngdə idi. Geydiyin paltara görə rəngini deyişən özəlliyi vardı axı onların. Məni hansı rəngdə seçə bilmədin görəsən.

Tək bu deyil hiss etdiklərim. Divarlardan danışırdım axı. Onlar insanları hər zaman gözləyərlər filan deyirdim. Sən bu divar misalında gördün məni. Nə zaman istəsəm geri dönər, istədiyim müddətə əylənər və məğlub olmadan çıxıb gedərəm düşüncəsindəydin. Bu arada bombam partlayacaq üzrədi deyəsən!...

# 1304 dəfə oxunub

Müəllifin son yazıları

# # #