Yuxu - Yeni hekayə

Yuxu - Yeni hekayə
16 fevral 2021
# 18:31

Kulis.az Akif Orxanın "Yuxu" hekayəsini təqdim edir.

Sizə bir yuxu danışmaq istəyirəm. Şirin yuxu. Həm də zəhər kimi acı…şirin yuxu.

Arif qapının astaca örtülməsi səsindən göz qapaqlarını araladı, yavaş-yavaş yerindən qalxıb qapıya yaxınlaşdı. Bir əli ilə qapını açdı. Oğlu Orxan qapıdan 4-5 metr aralıda əyilərək telefon işığında yerdə otların arasında nəsə axtarırdı. Arif bir anlıq duruxduqdan sonar anladı ki, oğlu cibindən götürdüyü qəpik-quruşu əlindən salıb itirib, indi onu axtarır…

Orxan orta məktəbi bitirərərək ali məktəbə, hüquq fakultəsinə qiyabi şöbəyə daxil olmuşdu. İşləmək istəyirdi. Atasından onu hər hansı bir işə düzəltməyi xahiş edirdi. Lakin iş tapmaq elə də asan deyildi. Atası ona bunu bildirsə də, Orxan inadkarlığından əl çəkmirdi, bəs nə vaxtadək atamın cibindən pul götürəcəyəm deyirdi anasına. Sonradan Orxanın iş məsələsi də düzəlmişdi və o, şələ-küləsini də yığışdırıb Bakıya getmişdi. Qardaşının dostu Bakıda işləyirdi və ona bir işçi lazım idi, maaşı da babat idi. Lakin son anda bu iş də alınmamışdı.

Belə ki, Orxanın burun çəpərində əyrilik vardı, polis akademiyasına qəbul olmaq üçün sənəd vermişdi. Komissiyadan keçəndə məhz burun çəpərində olan əyriliyə, onurğa sütununda olan anadangəlmə qüsurlara və damar genişlənməsinə görə bu sistemə yarasız olduğu bildirilmişdi. Burunla nəfəs almasında çətinlik vardı. Ona görə də anasının məsləhəti ilə Arif onu Avrasiya klinikasına aparmışdı. Klinikada həkim müayinəsindən sonra əməliyyat olunmuşdu Lakin həkim Orxanın işləmək arzusunu gözündə qoydu. Belə ki, ona bir müddət işləmək olmazdı. Buna görə də Orxan gec yatır və gec dururdu. Yuxudan ayılanda anasından başqa hamı işdə olurdu. Buna görə də axşam yatmamışdan əvvəl atasının ciblərinə baxır səhər üçün qəpik-quruş götürürdü.

Arif qapının arasından azca baxdıqdan sonra Orxana “ə, dur gəl bəri” dedi. Lakin Orxan dillənmədi. Arif təkrar bir az da ötkəm səslə “ə, dur gəl bəri” deyib içəri qayıtmaq istədi. Fikrində cibindən Orxana pul vermək idi. Bu anda Orxan əyildiyi yerdən başını asta-asta qaldırıb sakitcə üzünü atasına çevirdi…Bu sakit və həlim baxışlarda nələr vardı, nələr… Sanki atasına demək istəyirdi ki, “ata, necə gəlim, ata?”

Arif asta-asta gözlərini açdı. Hava hələ qaranlıq idi. Çarpayının yanındakı stulun üstünə qoyduğu telefona əl atdı. Saat 5-ə qalırdı…11 dekabr 2020-ci il…Yavaş-yavaş fikri iki ay bundan əvvələ, o müdhiş gecəyə, 10 oktyabra qayıtdı.

O gecə də bu dəqiqələrdə qəflətən pəncərə taqqıltısına oyanmışdı. “Kimsən?” sualına oğlu Turalın “ata qapını aç” səsini eşitmişdi. Fikirləşmişdi ki, yəqin açarı evdə qalıb, ona görə də yerindən qalxıb qapını açmağa getmişdi. Qapını açdıqda həyətin ortasında daş kimi dayanmış qardaşı Əlinin “paltarını geyin” dediyini eşitmişdi. Vəssəlam. İçəri qayıtmışdı. Bir saniyənin içində gözləri qaralmış, dünya başına fırlanmışdı. Ayaq üstə durmağa heyi qalmamış, astaca evin ortasına çökmüşdü… 19 yaşı cəmi 4 gün əvvəl tamam olmuş əziz balası Orxanın şəhid olduğunu deməyə ehtiyac qalmamışdı.

# 5286 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #