Dostlar əlində yıxıldım... - Şeirlər

Dostlar əlində yıxıldım... - Şeirlər
13 dekabr 2019
# 16:30

Kulis.az Əli Hacının şeirlərini təqdim edir.

Bir gün səndən uzaq düşsəm
Qapı qoyma ev-eşiyə...!
Qapı qoyma danışığa,
Qapı qoyma barışığa !
Qoy, beləcə ölüm gedim!
Ürəyimcə ölüm gedim !

Üst-başımın kirini də
Buraxacam göy üzünə!
Günahımı ləkə kimi
Çəkəcəyəm ay üzünə!
Ay çıxınca ölüm gedim!
Göy yağınca ölüm gedim!

Şumladığım bu torpağın
Buraxıram qismətini...
bu dünyamla, o dünyama
Bircə saxla ismətini!
Qismətimcə ölüm gedim!
İsmətincə ölüm gedim!

***

Dostum Saday Şəkərliyə

Ciblərimin dolu vaxtı
əllərim yerə düşmədi!
əllərim O, ucalıqdan
məni yerə düşürmədi!

ay əllərim! sizə qurban
sizi sevən sizi yıxdı!
oxşadım dostu, tanışı
dostlar əlində yıxıldım!

quyumun sulu vaxtını
axıtdım hey sola, sağa!
qurutduğum quyunun
suyu yox, məni yumağa!


***

durum ölməyə vaxt tapım...
Özümə ac qoyum səni!
Sözlərimlə dara çəkim,
Kəlmə-kəlmə soyum səni...!

Necə başa salım axı ,
Özüm kimi yolum dəmdi .
Üzü sulu yaşamışam
Ürəyim su istəmədi!

Sinəmdəki odu götür
İstəmirəm yan durasan.
Eh... bunu da burax mənə
Ürəyini yandırarsan!


***

hər gecənin ağrısını
atdım səhərin üstünə.
yol içində yolsuzluğu
atdım bu yerin üstünə!
ömür halsız halda ötür,
sözdən şəkər, balı götür!
tökdüyün o, qanı gətir
töküm zəhərin üstünə...!

Qara günə üz ağım az,
əl tutmağa yazdığım az.
dur, barışıq məktubu yaz
xeyirdən şərin üstünə...!

***

bir payız yağış yağdı
üstünə yay sevgimin!
bir qışın yükü düşdü
üstünə yaz günümün!


günlərim sərxoş kimi
içdi meyi ömürdən .
günlərimə bənzədim
özüm də hərdən, hərdən!


qəribliyə çəkildim
uçdu sözümün damı.
söz içində dəfn edin
qəribliyin adamın!

# 3747 dəfə oxunub

Müəllifin son yazıları

# # #