Gəlinin “dilinin kəsildiyi” Azərbaycan toyu - VİDEO

Gəlinin “dilinin kəsildiyi” Azərbaycan toyu - <span style="color:red;">VİDEO
30 yanvar 2015
# 15:51

MAŞIN KARVANI, SİQNAL SƏSLƏRİ, UŞAQLARIN «YOLKƏSDİ»Sİ

Ötən əsrin Stalin sürgünündən bəri Azərbaycanda yaşayan Axısqa türkləri yerli sakinlərə nə qədər qaynayıb-qarışsa da, öz adət-ənənələrini də bu günədək qoruyublar. Bu, özəlliklə toy məclislərində açıq-aydın gözə çarpır.

Bura Saatlı rayonunun Şirinbəy kəndidir. Maşın karvanı, siqnal səsləri, uşaqların «yolkəsdi»si... Orada toydu bu gün...

Toy olmağına toydu, amma bəzəkli maşındakı gəlin deyil, bəyin yengəsidir. Beləcə, gəlini deyil, yengəni evindən məclisə təmtəraqla gətirir, hörmət-izzətlə qarşılayırlar. Bu vəzifəni daşıyan şəxs məclisin başında gedir, sözü keçərli olur.

Qonaqların mağara qədəm basması üçün açılış törəni keçirilir. Bu zaman bəy də başının dəstəsi ilə gəlib, qırmızı lenti kəsir. Sonra... Sonra qonaqlar mağardakı yerlərini tuturlar. Adətə görə, kişi məclisi qadın məclisindən ayrı toplaşır...

Ev sahibinin «xoş gəlmisiniz»i ilə toy başlayır. Salamlaşarkən, nəsihətamiz sözlər, şeirlər söyləmək də axısqalıların ənənəsidir. Ev sahibi Binəli Mahmudov bu işi Tovuzda yaşayan İslam adlı qohumuna tapşırır.

Gecikib deyirlər, amma bəyin 22, gəlinin 19 yaşı var. Görünür, axısqalılar 22 yaşı gecikmiş sayırlar.

AŞPAZLAR QAZAN BAŞINA KEÇİR

Toyun bir yaraşığı da yeməkdir. Aşpazlar qazan başına keçib, Toyun sahibindən göstəriş alınca yeməklər məclisə ötürülür...

Yeməyi kişilər bişirsə də, qab-qacaq yenə qadınların öhdəsinə düşür – hə, yu ki yuyasan!..

Xeyir-dua verildi!.. Demək, toy süfrəsindəki yeməklərdən dadmağın əsl vaxtıdır... Süfrəyə bir-birindən dadlı təamlar düzülsə də, spirtli içki görməzsən...

...Qonaqların başı yeməyə qarışmışkən, oğlan evi də fürsət bilib, yollanır gəlinin ardıca...

«ATLILAR» YOLLANIR GƏLİNİN ARDINCA

Axısqalılar ta qədimdən bəri gəlini aparmağa gələnlərə «atlılar» deyib. Bu söz avtomobil çıxandan sonra da dildən düşməyib. Şirinbəydən gələn «atlılar» Fətəlikənddəki gəlin evindən, cehiz, qab-qacaq, üstəlik, ev quşu da götürürlər ki, gəlinlə birgə xeyir-bərəkət də aparsınlar.

Qız evində qonaqlar əvvəlcə şərbət içir... Bu, təzə qohumluğun şirin olması üçündür. Sonra gəlin onların yanına gəlir. Qarşılarında 3 dəfə baş əyib ər evinə sayğısını göstərir...

Gəlinin əlinə xına yaxıb, başına duvaq salırlar. Bax indi gəlin oğlan evinə getməyə hazır sayılır...

Qonaqlara şirinlik paylayandan sonra gəlini aparmağa gələn oğlan evinin ağsaqqalı irəli çıxır... Gəlinin belinə qırmızı lenti qardaşı bağlayır, amma şirinlik payını alandan sonra...

Gəlin ata evindən çıxanda dualar səslənir. Yolda toy karvanının önünü kəsən uşaqlar şirinlik almamış yolu açmırlar.

GƏLİNİN «DİLİNİN AÇARI» QAYINANASINA VERİLİR

Budur, gəlin bundan belə öz evi sayılacaq ər evinə çatır. Toy günü gəlinin adına bir damazlıq heyvan ayrılır və ona nişan vurulur. Sonrakı vaxtlarda ailə nə qədər çətinliyə düşsə də, o heyvanı kəsə, sata, dəyişə və ya başqasına pay verə bilməz.

Axısqa toyunun ən maraqlı və özəl məqamı «dilin kəsilməyidir». Başına şal atılmış gəlinin önündə bəyin sağdışı iki bıçağı bir-birinə sürtüb oynayır. Birdən musiqi kəsilir və o, bütün bunları seyr edən qadınlardan soruşur:

- Xanım nənələr, xanım bibilər, gəlinin dilini kəsək, yoxsa lisanını?

«Lisan» da el dilində də elə dil deməkdir.

Sorğu üç dəfə təkrarlanır və şalın üzərinə salınan dəsmal bıçaqla götürülüb-qoyulur, sonuncu dəfə də aparılıb gəlinin qayınanasına təhvil verilir.

Bu adətlə gəlinə tövsiyə olunur ki, gəldiyi evdə səsini ucaltmasın, heç kəsə cavab qaytarmasın, evin sirrini dağıtmasın. Və bu gündən etibarən dilinin «açarı» qayınanasına verilir.

Gəlin hər kəsə baş əyir. Duvağı açılandan sonra o, toy əhlinə arxa çevirməsin deyə, dalı-dalı yeriyir...

Bu da bir Axısqa adətiymiş!!!

Azadlıq radiosu

# 1027 dəfə oxunub

Müəllifin son yazıları

# # #