Mənfi personajların olmadığı tamaşa Bakıda oynanılacaq

Mənfi personajların olmadığı tamaşa Bakıda oynanılacaq
15 sentyabr 2015
# 15:07

14-15 noyabr tarixlərində Azərbaycan Dövlət Opera və Balet Teatrında “Smeşariklərin yeni sərgüzəştləri” tamaşası oynanılacaq. Teatrın mətbuat xidmətinin Kulisə verdiyi məlumata görə tamaşanı “Dostların əhatəsi” Sankt-Peterburq kukla teatrı səhnələşdirəcək.

“Smeşariklər” cizgi filminin sevimli qəhrəmanları yeni sərgüzəştləri, məzəli və şən əhvalatları ilə nəinki balaca tamaşaçılara, hətta böyüklərə də unudulmaz zövq verəcək. Tamaşaçılar sevimli qəhrəmanları ilə birgə macəralar aləminə düşəcək.

“Smeşariklər”i digər uşaq tamaşalarından fərqləndirən ən asas xüsusiyyət isə burada mənfi personajın olmamasıdır. Burada iştirak edən bütün personajlar öz xarakterləri etibarilə xeyirxahlıq aşılayan müsbət qəhrəmanlardır.

Zahiri primitivlik və uşaq sadəlövhlüyü ilə hazırlanmış süjetlərdə, əslində, olduqca vacib və ciddi məsələlər, fəlsəfi mənalar qoyulur ki, bu da valideynlərin diqqətini çəkir.

Qeyd edək ki, “Dostların əhatəsi” Sankt Peterburq Kukla Teatrı 2007-ci ildə yaradılıb.

# 969 dəfə oxunub

Müəllifin son yazıları

# # #