"Vahid Mustafayevin filmi uğur deyil" - SORĞU

"Vahid Mustafayevin filmi uğur deyil" - <span style="color:red;">SORĞU
22 yanvar 2015
# 13:41

Kulis.az Vahid Mustafayevin 19 yanvarda premyerası keçirilən “Qanlı Yanvar” filmi ilə bağlı sorğu keçirib.

Həmid Herisçi: “Vahidi 25 il əvvəl necə görmüşdüm elə də qalıb. Vahidin vətənpərvərliyinə şübhəm yoxdur. Ancaq o, bu duyğusunu təkcə ürəyində yaşatmadı. Bu vətənpərvərliyini sənətə də daşıdı.

Aktyor ansamblı bir-birini eşidir. Filmin dinamik süjeti var. Tarixilik çox cəlbedicidir. Xüsusən aktyor Faiq Mirzəyevin ifasını sevdim. "Şəxsiyyət vəsiqəsi" verilişimizdə Mircəfər Bağırovun repressiya çağırışları mətnini istəyirəm ki, məhz bu aktyor oxusun.

Filmin montajı da qənaətbəxşdir. Tamaşaçını çaşdırmır. Məncə, film birmənalı şəkildə Vahidin uğurudur”.

Cavid Zeynallı: “Qanlı Yanvar” haqqında ciddi kinoşünaslar daha dəqiq, peşəkarlığa söykənən fikir bildirsələr, daha yaxşı olar. Mən yalnız tamaşaçı kimi təəssüratımı bölüşərəm.

Filmin müsbət tərəfi kimi ancaq bunu demək olar: yorucu deyildi, axıra qədər baxmaq olurdu. Ədəbiyyatda oxunmaq, filmdə-teatrda baxılmaq əsas tərəflərdən biri olsa da, hər şey demək deyil, ciddi sənətə iddialı əsərlərdə başqa parametrlər var ki, peşəkar müstəvidə onlar əsas götürülür.

Nebahet Çehrənin səsləndirilməsini bəyənmədim. Məşhur aktyorları yerli filmlərə cəlb etmək yaxşı təcrübədir, amma bu, filmin qayəsinə, mövzusuna, situasiyaya xidmət etməlidir. “Mən Vahid Mustafayevin yerinə olsaydım...” deyib də, əstəğfürullah, rejissora ağıl vermək niyyətində deyiləm, hər halda, ana rolu bizim aktrisalardan birinə həvalə olunması daha gözəl olardı. Nebahet Çehrənin ədaları, mimikası, ümumən oyunu eynən Validə Sultan idi ki, durmuşdu.

Amerikalı aktyor Leyn Devisin, Faiq Mirzəyevin və Azər Aydəmirin oyunu çox xoşuma gəldi. Yerdə qalan heyət, xüsusən xanım oyunçuların işləri haqqında nikbin söz deyə bilmərəm.

Filmin ən çox həzm edə bilmədiyim tərəfi vətənpərvərliyin yeri gəldi-gəlmədi təbliği idi. Döyüş səhnələrində dini şəxsiyyətlərdən sitat gətirilir, apardıqları mübarizənin qəhrəmanlıq olduğunu güllə altında bir birinə xatırladırlar. Məncə, sənətdən xəbəri olan, müəyyən bazası və zövqü olan tamaşaçı belə şeyləri həzm etmir. 137 nəfər şəhid olduğu, 744 nəfər yaralandığı faciə haqqında sənətin ciddi meyarlarına söykənən iş ortalığa qoymalıyıq. Məsələn, “Qanlı Yanvar” filmində mən iri plana rast gəlmədim, üç-dörd tank, 40-50 etirazçı, Daxili Qoşunlardan alınan 15-20 “şit-dubinka” ilə faciəmizi sənət yolu ilə dünyaya çıxara bilmərik.

Amma ədalət naminə onu da demək lazımdır ki, filmdən məmnun ayrılan insanlar var idi. Hətta kövrələn, ağlayan, razılıqla başını tərpədənlərə də rast gəlmək olurdu. Son olaraq: “Qanlı Yanvar” orta-statistik auditoriya üçün hesablanıbsa, rejissoru və heyəti təbrik etmək olar. 1000 nəfər heyət 63 gün əziyyət çəkib, onların əziyyətinə sayğı ilə yanaşmaq lazımdır”.

Əsəd Cahangir: “Filmin həm rejissoru, həm də ssenari müəllifi Vahid Mustafayevdir. Ssenarini ssenarist yazmalı idi, yazmır. Fimə quruluşu rejissor verməli idi, vermir. Bütün bunlardan sonra Vahid Mustafayevin bu işi öz öhdəsinə götürməsi böyük bir fədakarlıqdır. Mən Vahidin vətənpərvərlik mövzusunda bu cür film çəkməsini Çingiz Mustafayevin qəhrəmanlığının davamı hesab edirəm. Film sadəcə kinematoqrafiya faktı deyil, həm siyasi faktdır. Film sadəcə Azərbaycan filmi çəkək məqsədi ilə çəkilməyib. Azərbaycanın 25 il bundan öncə başına gətirilən faciəvi, qanlı oyunu dünyaya ekran dili ilə çatdırılması ideyası güdür. Film beynəlxalq film kimi çəkilib. Buna görə də müxtəlif xarici ölkələrdən aktyorlar dəvət olunub. Filmin maraqlı süjeti var. Maraqlı insan obrazları var, bir-birindən fərqli və rəngarəng. Filmin ideyası var. Amma bununla belə filmdə müəyyən, qeyri-professional məqamlar da var. Xüsusilə də 20 yanvar hadisələrində döyüş səhnələri lazımı həyəcanı və möhtəşəmliyi ilə verilməyib. Meydanda uzaqbaşı 30-40 adam təsvir olunub, halbuki tanklar meydana girəndə orda 10 min adam vardı. 19 yanvar gecəsi güllələrin vıyıltısından bütün Bakı yata bilmədi. Filmdə bunlar müəyyən qədər göstərilib, amma miqyası zəifdir. Baş verən faciəyə tarixi münasibətdə Vahid Naxış istər rejissor, istərsə də ssenarist kimi maksimum obyektiv olmağa çalışıb. Məsələn Bakıya gələn zabitlərin heç də hamısını qırğın törətmək məqsədinin olmadığını göstərib. Tarixi həqiqəti obyektiv və hərtərəfli göstərmək istəyib.

O ki qaldı aktyor oyununa. Türkiyədən dəvət olunmuş Nebahet Çehrə vizual görkəmi etibarı ilə bu rola uyğun idi, amma oyun tərzi, mimika baxımından uğurlu deyildi. 90-cı illərdə oğlu şəhid olan və yaxud şəhid olmaq təhlükəsi qarşısında olan Azərbaycan qadının obrazını təbii şəkildə canlandıra bilmirdi. Elə bil “Möhtəşəm yüz il” serialındakı Validə xatun rolunda qazandığı uğur hələ də onu tərk etməyib. O özünü azərbaycanlı oğlanın anasından çox, Sultan Süleymanın anası kimi hiss edirdi. Yerdə qalan rolların arasında yaddaqalan, xarakterik obrazlar vardı.

Vahid Naxışın bir ssenarist kimi meydanda olanlara münasibəti də birmənalı deyildi. Onları birmənalı ideal qəhrəmanlar kimi tərənnüm etmək cəhdindən uzaq idi. Məsələn şəhid olanlar arasında Zita adlı qız kor-koranə, dərk etmədiyi qəhrəmanlıq idealı ilə yaşayır.

“Qara yanvar” filmi sovet dövründə çəkilən filmlərlə müqayisədə kinematoqrafik baxımdan uğurlu sayıla bilməz. Dünyada çəkilən filmlərlə müqayisədə də o qədər uğurlu deyil. Amma son illərdə Azərbaycanda çəkilən çoxsaylı filmlərlə müqayisədə ən yaxşı onluğa daxil olacaq filmdir.

Bütün hallarda Vahid Naxışı təbrik edir və arzu edirəm ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıracaq bundan da yaxşı filmlər çəksin.

# 1811 dəfə oxunub

Müəllifin son yazıları

# # #