Cəfər Pənahinin filmi Kannda alqışlarla qarşılandı - VİDEO

Cəfər Pənahinin filmi Kannda alqışlarla qarşılandı - VİDEO
14 may 2018
# 11:15

İrandan çıxmasına qadağa qoyulmuş kino-rejissor Cəfər Pənahinin yeni filminin premyerası Kann kino-festivalında sürəkli alqışlar altında keçib.

Pənahinin övladları və “Üç üz” filmində çəkilmiş aktyorlar mayın 12-də filmin premyerasına gələrkən gurultulu alqışlarla qarşılanıblar. Dolu zalda bir oturacaq dissident kino-rejissor üçün boş saxlanıb.

İranlı üç qadının taleyindən bəhs edən film Kann kino-festivalında Qızıl Palma (Palme d'Or) mükafatını almaq üçün yarışan 21 film arasındadır.

Pənahinin özünün və veteran aktrisa Behnaz Cəfərinin çəkildiyi filmdə İran qadınlarının, xüsusilə də aktrisaların qarşılaşdığı sosial və professional problemlər göstərilir.

Bu, Kann kino-festivalında nümayiş etdirilən ikinci İran filmidir. Mayın 9-da festivalın açılışında Əsgər Fərhadinin “Hamı bilir” filminin premyera tamaşası keçirilib.

İran rəsmiləri 57 yaşlı Pənahinin 2009-cu ildə kütləvi etiraz nümayişlərinə dəstəyindən sonra onun film çəkməsi və ölkədən çıxmasına qadağa qoyub.

Tehran rəsmiləri Oskar mükafatı almış amerikalı kino-rejissor Oliver Stoun və başqalarının Pənahinin Kanna səfər etməsinə icazə verməsi ilə bağlı müraciətlərini rədd edib.

Lakin bütün bu qadağalar İran azərbaycanlı rejissoru gizli olaraq film yaratmaqdan çəkindirə bilməyib.

Pənahinin 2015-ci ildə çəkdiyi “Taksi” filmi Berlin kino-fesivalında Qızıl Ayı mükafatına layiq görülüb. Kino-rejissorun bu uğuru Tehranda onun mühafizəkar tənqidçiləri tərəfindən böyük narazılıqla qarşılanıb.

Cəfər Pənahi 1960-cı ildə Şərqi Azərbaycan vilayətinin Miyana şəhərində anadan olub.

O, 1995-ci ildə Kann kino-festivalında “Ağ şar”, bundan beş il sonra Venesiya kino-festivalında “Dairə” filminə görə ən yüksək mükafatlara layiq görülüb.

Cəfər Pənahi İrandakı müxalif “yaşıl hərəkat” və onun liderlərindən olan Mirhüseyn Musəviyə dəstək verməkdə və 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə kütləvi etirazlarla bağlı sənədli film çəkməkdə günahlandırılaraq həbs edilib və 2010-cu il mayın 25-də 200 min dollarlıq mülk girovu qarşılığında sərbəst buraxılıb.

Tehran məhkəməsi Cəfər Pənahinin 20 il müddətinə kino fəaliyyətinə, ssenari yazmasına və ölkədən çıxmasına qadağa qoyub./ amerikaninsesi.org/

# 1084 dəfə oxunub

Müəllifin son yazıları

# # #